Güclü olmağın alternativi yoxdur – Prezidentin qlobal sistemə açıq MESAJI - Tənzilə Rüstəmxanlı yazır
Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi müsahibələrdə hərb, diplomatiya ilə yanaşı informasiya sahəsində də uğurlu siyasət həyata keçirdiyinin şahidi olmuşuq.

Belə ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı xarici mediaya 30-dan çox müsahibə verməsi və müsahibələrin hər birində Azərbaycan həqiqətləri və müharibənin gedişatı haqqında ətraflı məlumat verməsi dünya ictimaiyyətinin düzgün məlumat əldə etməsində mühüm rol oynadı. Bu proses müharibədən sonra da davam etdirildi və “Euronews” telekanalına sonuncu müsahibə Prezidentin davamlı olaraq dünya mediası qarşısında verilən uğurlu açıqlamaların davamıdır.
Prezident müsahibəsində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini açıq şəkildə ortaya qoyur. Dövlətimizin başçısının açıqlamaları Azərbaycanın xarici siyasətinin milli maraqlara, strateji məqsədlərə və uzunmüddətli perspektivə söykəndiyini nümayiş etdirir.
Dövlət başçımızın müsahibəsində bir daha ifadə etdiyi kimi, beynəlxalq hüququn gücsüzlüyünə, demək olar ki, hər həftə yaşanan proseslərin gedişatında şahidlik edirik. Bu isə beynəlxalq subyektlər qarşısına yalnız bir seçim qoyur – güclü olmaq.
Prezident İlham Əliyevin mövqeyi əslində beynəlxalq hüququ inkar etmək yox, onun saxtalaşdırılmış tətbiqini ifşa etməkdir. Dövlət başçısının mesajı budur: “Ədalət sənə verilmir, sən onu gücünlə və haqlılığınla təmin edirsən.”
Bu mesaj beynəlxalq hüquq dərslərində açıq şəkildə təhlil olunmalıdır. Bu, gənclərə həm realizm, həm də dövlətçilik düşüncəsi aşılayar. Təbii ki, qütblərarası ziddiyyətlərin dərinləşdiyi, münasibətlərin və ayırıcı xətlərin kəskinləşdiyi bir vaxtda güclü olmaq sadə məsələ deyil.
Hərbi-siyasi qələbələrimiz, o cümlədən diplomatik müstəvidə çoxsaylı uğurlar fonunda bu gün əminliklə deyə bilərik ki, Azərbaycan məhz cənab İlham Əliyevin sayəsində özünü güclü beynəlxalq subyekt kimi təsdiq etdirə bilib və nəticə etibarilə hesablaşılan, qlobal təsirə malik orta gücə çevrilib.
Faktiki olaraq, indi dünyanın bütün iri gücləri bu reallıqlarla barışıb. Artıq Cənubi Qafqazın əsas gücü məhz Azərbaycandır, bölgədəki bütün proseslər ölkəmizlə razılaşdırılmalıdır. Bütün bunların fonunda Prezident İlham Əliyevin göstərdiyi mövqe təqdir olunmalıdır.




