Dünya Gənc Türk Yazarlar Birliyi Azəri-Türk Qadınlar Birliyinin 30 illiyini təbrik edib - FOTO
Azəri-Türk Qadınlar Birliyinin 30 illik yubileyi münasibətilə Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri ilə görüş keçirilib.
Tenzilerustemhanli.az xəbər verir ki, Azəri-Türk Qadınlar Birliyinin yaradılmasının 30 illiyi münasibətilə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və Birliyin İdarə Heyətinin başqanı İntiqam Yaşar təşkilatı ziyarət edərək yubiley münasibətilə təbriklərini çatdırıblar.
Görüş zamanı qonaqlar Azəri-Türk Qadınlar Birliyinin üç onillik fəaliyyəti ərzində Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, qadınların ictimai fəallığının artırılması istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndiriblər.
Ziyarət çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Azəri-Türk Qadınlar Birliyinə xatirə plaketi təqdim olunub. Bildirilib ki, bu plaket təşkilatın 30 illik fəaliyyətinə verilən yüksək dəyərin və görülən işlərə göstərilən ehtiramın ifadəsidir.
Azəri-Türk Qadınlar Birliyinin rəhbərliyi göstərilən diqqətə, səmimi təbriklərə və xoş sözlərə görə qonaqlara təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan–Türkiyə qardaşlığının, Türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində iki qurum arasında əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.
Sonda Dünya Gənc Türk Yazarlar Birliyinə gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.




