Azərbaycan Türkiyə Evi və Azəri Türk Qadınlar Birliyi “Atatürk və Türk Dünyası” beynəlxalq simpoziuma imza atdı
Noyabrın 22-də Bakıda “Atatürk və türk milləti” beynəlxalq simpoziumu keçirilib. Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə keçirilən simpoziuma 9 ölkədən 17 araşdırmaçı gəlib. Bu sırada Türkiyədən, Makedoniyadan, Çin Xalq Respublikasından, Bolqarıstandan, Qazaxıstandan, Özbəkistandan, Rusiyadan, Quzey Kıbrıs Türk Cümhuriyyətindən elm adamı var.
Toplantıya Türkiyə Böyük Millət Məclisinin üzvü Senol Bal, keçmiş millət vəkili Canan Artman, TUSİAB-dan Selcuk Düzgün, eləcə də Türkiyə Azərbaycan tarix elminin ünlü siması professor Süleyman Əliyarlı Azərbaycan Milli Məclisinin üzvləri – Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “Atatürk” Araşdırmaları Mərkəzinin rəhbəri Nizami Cəfərov də qatılıb.
Simpoziumu açıq elan edən Azərbaycan Türkiyə Evi və Azəri Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı qonaqları salamladıqdan sonra məclis iştirakçılarını türk dünyası şəhidlərinin ruhuna 1 dəqiqəlik sayğı duruşuna dəvət edib. Ardınca Azərbaycan və Türkiyə dövlətlərinin himni səslənib.
Çıxışına davam edən T.Rüstəmxanlı bildirib ki, Mustafa Kamal Atatürk bütün dövrlər üçün türk dünyasının ən böyük isimlərindən, ən böyük siyasətçilərindəndir: “Atatürk hər şeydən öncə ona görə dühadır ki, o, çökmüş, işğal edilmiş Osmanlı torpaqlarında adında türk sözü olan dövlət qurub. İşğalçı dövlətlərin tapdağı altında əzilən Anadolunu xilas etməklə Atatürk türk millətinin şərəfini özünə qaytarıb. Bu gün biz Atatürkün ən böyük əsəri olan Türkiyədə ona qarşı bir kənarlaşdırma siyasətinin yürüdüldüyünün şahidiyik. Ancaq inanıram ki, türk milləti həm Atatürkə, həm də milli kimliyinə sahib çıxmağı bacaracaq”.
Simpoziumda ilk söz “Atatürk” Araşdırma Mərkəzinin rəhbəri, Milli Məclisin üzvü Nizami Cəfərova verilib. Nizami Cəfərov çıxışına sovetlər birliyinin Türkiyə və Atatürklə bağlı siyasətini incələyib:“1930-cu ilə qədər sovetlər birliyi Türkiyə ilə münasibətləri normal qonşuluq səviyyəsində saxlamaqdaydı. O zamana qədər sovetlər birliyindəki türk xalqının da adı təhrif edilməmişdi. Türk milləti, türk dili anlayışları işlədilirdi. Eyni zamanda Mustafa Kamal Atatürk böyük bir siyasət adamı kimi qəbul edilirdi. Ancaq 1930-cu ildən sonra bu siyasət tamamilə dəyişdirildi. Səbəb aydın idi. Moskva işğal etdiyi torpaqların böyük bir hissəsinin türklərə aid olduğunu bilirdi və türk faktorunun özünün var oluşu üçün böyük bir təhlükə sayırdı. Bu siyasət 1937-ci ildə türk xalqlarına qarşı Kremlin repressiyalara başlamasına səbəb oldu, minlərlə türk aydını pantürkist damğası ilə qətlə yetirildi. Ancaq 70 illik sovetlər birliyi dönəmi türk xalqlarına milli kimliklərini unutdura bilmədi. Ədəbiyyatlar yasaq olduğundan insanlar Atatürkün fikirləri ilə yaxından tanış ola bilmirdilər, ancaq onun böyük şəxsiyyət olduğunu bilirdilər. 1991-ci ildə sovetlər birliyi dağılandan sonra türk aydınlarının əsas işi Mustafa Kamal Paşa ilə bağlı kitablar yayınlamaq oldu. Qısa zamanda onlarla kitablar çap edildi. İndi rəhbərlik etdiyim “Atatürk” Araşdırma Mərkəzində də bu çalışmalar hər zaman davam edir”.
Makedoniyadan simpoziuma qatılan professor Erdoğan Saraç çıxışına “mən də Atatürk kimi Selanikliyəm” cümləsi ilə başladı: “Mustafa Kamal Paşa çox çətin bir dönəmdə qısa zamanda qüdrətlənən bir dövlət qurdu. Bu onun böyük fikir adamı olması ilə yanaşı çox cəsur bir əsgər olmasının nəticələri idi. Atatürk bütün gücünü Türkiyə dövlətinin güclənməsinə sərf etsə də ölkə sərhədinin o tayındakı türk topluluklarının taleyini də unutmurdu. Bu səbəbdəndir ki, bu gün dünyanın istənilən ölkədə türk toplumları bir yola çıxarkən Mustafa Kamal Atatürkün ideya və düşüncələrini rəhbər seçir”.
Çin Xalq Respublikasından simpoziuma qatılan uyğur türkü Ruqiyyə Hacı çıxışı “Atatürkün Çindəki etkiləri” adlanırdı. Professor Hacı bu gün milli haqları tapdanan uyğur türklərinin yaxın tarixdəki bütün mücadilələrini Mustafa Kamal Atatürkün mənəvi rəhbərliyi altında davam etdirdiyini deyib.
Daha sonra Tınzilə Rüstəmxanlı sözü professor Süleyman Əliyarlıya verib: “Atatürk türk dünyasının yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir fikrini çoxlarının dilindən eşitmisiniz. Bu boşuna sözlər deyil, Atatürkün həyat yoluna baxarkən onun ən çətin şərtlər altında necə güclü strategiyalar quraraq gerçəkləşdirdiyinin şahidi olacaqsınız. Atatürk dövlət modelini son dərəcə detallı düşünmüşdü. Bir tərəfdən ölkənin diplomatik gücünü artırır, digər tərəfdən sosial projelər həyata keçirir, başqa bir tərəfdən tarix, dil kimi milli kimliyi təyin edən məsələlərlə məşğul olurdu. Təsadüfi deyil ki, Türk Tarix Qurumunun, Türk Dil Qurumunun yaradılması da məhz Mustafa Kamal Atatürkün adı ilə bağlıdır”.
Cümhuriyyət Xalq Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü Şenol Bal Atatürkün türk milləti və türk birliyinə baxışlarından söz açıb. Çıxışına Atatürk başda olmaqla türk böyüklərinə, o sıradan Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə, Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə sayğı və şükranlıqlarını bildirməklə başlayan Şenol Bal bu çıxışında bugünkü Türkiyə mənzərəsini də canlandırıb:“Atatürkün qurduğu dövlət türk kimliyi üzərində bərqərar idi. O, bir türk olaraq dünyaya gəlməsini böyük bir qürur sayırdı. Atamızın dəyərli fikriləri çoxdur. Ancaq onlardan bəlkə də ən dəyərlisi budur – ey türk xalqı, dövlət qurarkən sizə rəhbərlik edəcək şəxslərin soyuna diqqət edin. Bu fikir bəlkə də bu gün Türkiyənin üzləşdiyi bəlaların kökündə duran bir məsələdir. Bu gün Türkiyədə türk xalqına qısqanc bir münasibət oluşdurulmaqdadır. Ancaq bu siyasətin yürüyəcəyini, Türkiyə dövlətinin təməlinə zərbə vura biləcək gücdə olacağını düşünmürəm. Türk xalqı Atatürkün ideyalarına bu gün də sadiqdir. Vəfatının 75 illiyində 2 milyona yaxın insanın onun məzarını ziyarətə gəlməsi anti-Atatürk siyasəti yürüdənlərə ən böyük cavabdır”.
Cümhuriyyət Xalq Partiyasından keçmiş millət vəkili Canan Artmanın çıxışı da böyük maraqla qarşılanıb: “Mustafa Kamal Atatürk mənim doğma şəhərim İzmirdə tam başqa bir anlam daşıyır. Biz üzərində gəzdiyimiz Vətən torpağını bizə dövlət olaraq bağışlayan Atatürkü bir an belə unutmuruq. İzmirin fərqli bir özəlliyi də var – bizim evlərimizdəki türk bayrağının üzərində Atatürkün rəsmi var. Mən belə bir bayrağı Atatürkə qarşı haqsızlıqlar olan bu günlərimizdə Bakıda onun adına böyük bir elmi toplantı düzənləyən Azərbaycan Türkiyə Evinə bağışlamaq istəyirəm”.
Simpozium digər elm adamların çıxışı ilə davam edib.
Mövzu ilə bağlı şəkillər foto qalereyadır.