Azərbaycan Prezidentinin siyasi iradəsi Kremlin mövqeyini dəyişdi – Tənzilə Rüstəmxanlı yazır
Artıq bir ilə yaxındır ki, Azərbaycanla Rusiya arasında müstəqillik illərimizin ən gərgin dönəmi yaşanır. Rusiya–Azərbaycan münasibətlərində belə bir gərginlik, heç şübhəsiz, Rusiyanın atdığı hüquqazidd addımlarla bağlıydı.
Hər şey ondan başladı ki, Azərbaycanın mülki aviasiya təyyarəsi Rusiya səmasında vuruldu. Bu cinayətin üstü ört-basdır edilməyə çalışıldı. Halbuki belə ağır bir hadisə yalnız münasibətləri deyil, xalqlar arasında etimadı da ciddi şəkildə sarsıtdı. Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər artdı. Diaspor rəhbərləri, fəallar hədəf seçildi, hətta öldürülən soydaşlarımız oldu. Bunlar qonşuluq və dostluq prinsiplərinə zidd addımlardır.
Azərbaycan isə müstəqil dövlət kimi öz vətəndaşlarını müdafiə etdi, onların arxasında dayandı. Bu, həm də dövlətin suverenlik mövqeyini nümayiş etdirdi. Amma bütün bu dönəmdə də Azərbaycanın dövlət maraqlarını soyuq başla təhlil edən hər kəs bu gərginliyin ortadan qalxmasını, münasibətlərin qaydaya düşməsini arzulayırdı.
Bu Rusiyaya olan sevgi ilə bağlı deyildi. Əksinə, I Pyotrdan bu yana Rusiyadan Azərbaycana qarşı yönəlik işğalçılıq siyasəti, Xalq Cumhuriyyətinin süqutu, 20 Yanvar, Xocalı qətliamları, 20 faiz torpaqlarımızın işğalında ermənilərə göstərilən kömək hər kəsin yaddaşındadır. Buna rəğmən, hər bir Azərbaycan Aydını qarşıdurmaya qarşı olduğunu açıq ifadə edirdi.
Təəssüf ki, bu müddət ərzində Rusiyadan əks mövqe gördük. Şovinist və imperalist rus siyasətçiləri çalışırdı ki, Azərbaycan xalqlarına və dövlətlərinə “siz bizdən asılısınız” mesajını versin. Bu, klassik imperial yanaşmadır. Amma bu günün reallığında belə siyasət nə regional sabitliyə, nə də əməkdaşlığa xidmət edə bilər.
Azərbaycanın şərtləri aydın idi – vurulan təyyarəyə görə üzr istənilməlidir, Rusiyadakı azərbaycanlılara qarşı təzyiqlərə son qoyulmalıdır. Azərbaycan heç vaxt münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. Əksinə, dövlətimiz normallaşmanı dəstəkləyir. Amma bu yalnız qarşılıqlı hörmət və bərabərlik əsasında mümkün idi.
Azərbaycan Prezidenti hər bir açıqlamasında dövlətimizin mövqeyini açıq və qəti şəkildə ifadə etdi: Təyyarənin vurulmasına görə üzr istənilməsi; Hadisəyə görə məsuliyyətin qəbul edilməsi; Kompensasiya ödənilməsi; Günahı olan şəxslərin cəzalandırılması.
Bunların hər biri Azərbaycan xalqının mənəvi haqqı dövlət olaraq hüququmuz idi. Bunun arxasında dünya siyasi düzənində xüsusi mövqe qazamış, ədalət və qətiyyət örnəyi olan Azərbaycan Prezidenti dururdu. Və O bacardı!
Düşənbədə keçirilən görüş zamanı Vladimir Putinin çoxsaylı diplomatik manevrlərlə müşayiət olunan çıxışı göstərdi ki, bu dörd bəndin hamısı faktiki olaraq rəsmən qəbul edilib. Putin 25 illik hakimiyyəti dövründə cəmi bir dəfə “üzr” ifadəsini işlədib. O da məhz Azərbaycan Prezidentinin timsalında Azərbaycana ünvanlanıb.
Putin görüşdə açıq şəkildə bəyan etdi ki, həlak olanların ailələrinə kompensasiya ödəniləcək və hadisəyə görə məsul şəxslər cəzalandırılacaq. Bu, yalnız hüquqi deyil, mənəvi ədalət müstəvisində də mühüm dönüş nöqtəsidir.
Azərbaycanın siyasi və diplomatik təzyiqi, Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində Kreml faktiki olaraq öz səhvini qəbul etdi. Putin Rusiya dövlət başçısı kimi Azə\rbaycnla münasibətlərin qaydasına düşməsinin vacibliyini dərk edərək gərəkəni etdi. Azərbaycan Prezidenti isə bir daha xalqına və dövlətinə tarixi qürur yaşatdı!