29 Mart 2024, Cümə - 16:12

ATEV fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT YAYDI

Azərbaycan-Türkiyə Evi (ATEV) Qəzza zolağında İsrail ordusunun fələstinlilərə qarşı törətdiyi qətliam ilə bağlı bəyanat yayıb

İnterrpess.az xəbər verir ki, ATEV sədri Tənzilə Rüstəmxanlı İsrail əsgərlərinin Qəzza sərhədində ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən fələstinlilərin qətliamı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

İslam dünyasının ən müqəddəs bayramlarından birinin qeyd olunduğu Ramazan ayı bu il çox təəssüf ki, hüznlə başladı. Yetmiş il əvvəl Fələstini işğal edən, müsəlmanların müqəddəs məkanları sırasında xüsusi yer tutan Qüdsü ilhaq edən və dinc fələstinlilərə qarşı qətliamlara ara verməyən İsrail ilk növbədə ABŞ-dan aldığı hərtərəfli dəstəyə güvənərək, bu günlərdə daha bir cinayətə imza atıb. Qüdsün İsrail paytaxtı kimi tanınmasına və ABŞ səfirliyinin bu şəhərə köçürülməsinə etiraz edən dinc əhalinin gülləbaran olunması nəticəsində onlarla günahsız insan qətlə yetirilib.

Əlbəttə, bu qətliamın məsuliyyəti sionizmə əsaslanan İsraillə yanaşı, həm də ABŞ-ın və onun reallıq hissini bütünlüklə itirmiş prezidenti Donald Trampın üzərinə düşür. Fələstində törədilən bu qətliama ilk etiraz səsini ucaldan Türkiyə bu qətiyyətli addımı ilə dünyanın hər yerində haqqı tapdalanan məzlumların yanında olduğunu bir daha əməli işlə təsdiqlədi. Türkiyə bu cinayətə qarşı susmamaqla yanaşı, İslam aləmini də İsrail təcavüzünə məruz qalan Fələstini yalqız buraxmamağa çağırıb. Bu çağırışla kifayətlənməyən Türkiyə İsrail və ABŞ-la diplomatik münasibətlərə də yenidən baxmaqla, haqsızlığa qarşı sona qədər qətiyyətlə davranacağını göstərib.

Bu müqəddəs Ramazan günlərində dünya müsəlmanlarına sülh və rifah arzulayaraq, İslam aləminin üzləşdiyi fəlakətlərə son qoyulmasının gerçək həmrəylikdən, beynəlxalq imperializmə qarşı birgə müqavimətin təşkilindən asılı olduğunu bəyan edirik. Allah bu Ramazan günlərində hər bir müsəlmanı öz arzu və niyyətinə çatdırsın, İslam dünyası adına oxunan bütün səmimi duaları qəbul etsin! Amin!

Azərbaycan-Türkiyə Evinin(ATEV) Sədri
Tənzilə Rüstəmxanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı