15 Oktyabr 2024, Çərşənbə axşamı - 15:52

ATEV Beynəlxalq Mahmud Kaşqari Türklük Onur Ödülünün Təqdimetmə Mərasimini təşkil etdi

11099626_10205306340370773_1626175619_nMərasim 31 mart azərbaycanlıların soyqırımı günü ərəfəsinə təsadüf edib. Mərasim iştirakçıları şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər

Azərbaycan Türkiyə Evi və Azəri Türk Qadınlar Birliyi başqanı  Tənzilə Rüstəmxanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, qurum türk dünyasının mənəvi dəyərlərinin tanıdılmasına xidmət edən tədbirlərə ev sahibliyi edib. Türklük şöləni, bir neçə elmi simpozium bu qəbildəndir. Mərasimdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı çıxışında mart soyqırımı qurbanlarının xatirəsini yad edib:”Ermənilərin qondarma soyqırımına sübut kimi bir toplu məzarlıq yoxdu. Amma 1918-ci ildə 3 gün ərzində ölkəmizdə on minlərlə soydaşımız soyqırıma məruz qalıb. Amerikalı mütəxəssis öz hesabatında bildirib ki, 1915-ci ildə Osmanlıda ermənilər soyqırımıma məruz qalmayıb. Amma 2 milyon türk öldürülüb”. Sabir Rüstəmxanlı Türklük Onur Ödülünün mükafatçıları sırasında türk tarixinin araşdırılması və dünyaya çatdırılmasında böyük rolu olan tanınmış şəxsiyyətlərin olduğunu vurğulayıb.

Millət vəkilləri Fəzail İbrahimli, Fazil Mustafa tədbirin əhəmiyyətini qeyd edərək fəaliyyətinə görə ATEV-i təbrik edib. Daha sonra mərasim mükafatın sahiblərinə təqdim edilməsi ilə davam edib. Mükafatçılar arasında olan, Türkiyədə çağdaş Aydınlar Hərəkatının liderlərindən olan “Eğitim Sen” başqanı İsmayıl Koncuk ATEV-ə təşəkkürünü bildirib. Bildirib ki, türklük onuru uğrunda mücadilə bu gün də bütün türk coğrafiyasında davam edir:” Türkcənin yazı dili olmadığını iddia edənlərə Mahmud Kaşğarinin kitabı əsl cavabdır. Bu baxımdan mükafatın məhz belə adlandırılması da təsadüf deyil. Bu mükafatı aldığım üçün qürur duyuram”.

Mükafatçılardan biri, qazax türklərinin canlı klassiki Muxtar Şahanov çıxışında ödülün əhəmiyyətini xüsusi vurğulayıb:” Mən Çingiz Aytmatovla birlikdə ən çox ödül alan şəxsəm. Amma bu mükafatlara heç zaman xüsusi diqqət yetirməmişəm. Mahmud Kaşğari ödülü isə mənim üçün tamamilə fərqli məna daşıyır. Kaşğari türk dünyasında xüsusi zirvədə dayanır. Mən Qazaxıstanda bütün mükafatlardan imtina etmişəm. Çünki vətən üçün görülən işlərdə mükafat gözləmək olmaz”.

Qeyd edək ki, Muxtar Şahanov Qazaxıstanda Novruzun bayram kimi qeyd edilməsinə nail olan ziyalıdır.

Qeyd edək ki, Saxa türklərinin nümayəndəsi Ludmila Yeqorova türk dünyasının mənəvi və mədəni mirasını tanıtmaq sahəsində fəaliyyətinə görə Türklük Onur Ödülünə layiq görülüb. Bundan məmnun olduğunu bildirən Ludmila Yeqorova “Bu mükafatı almaqdan və türk olduğum üçün qürur duyuram” deyə vurğulayıb.

Türkmən ellərinin, həmçinin Güney Azərbaycanla bağlı tədqiqatları ilə yaxşı tanınan Tufan Gündüz də mükafatçılar arasındadır. Professor bu sahədəki fəaliyyətinə görə Türklük Onur Ödülünə layiq görülən Tufan Gündüz ona verilən dəyərə görə təşəkkürünü bildirib: “Atalarımızın ruhunun olduğu, məzarının olduğu hər yer Vətəndir. Azərbaycana ilk dəfə ATEV-in dəvəti iıə simpoziuma gəlmişdim. Mənim üçün bir amal da var-Turan. Zaman-zaman bir-birimizdın qopsaq da, biz çox güclüyük”.

Son 20 ildə türk dünyasında-Azərbaycan, Krım, Güney Azərbaycanda səsi ilə fırtınalar qoparan sənətçi Ahmet Şafak da ATEV-in builki mükafatçılarından biridir. Sənətçi: “Türklük uğrunda davalarıyla tanınan şəxslərin əlindən ödül almaq böyük şərəfdir. Mahmud Kaşğarinin tarixdəki işlərinə baxaraq bu Ödülün dəyərini daha yaxşı qiymətləndirmək olur. 10 min kəlməni bir kitabda birləşdirən bu insan bütün ziyalılarımıza örnəkdir. Bu adda ödül təsis etmək isə bir kəşfdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı