15 Oktyabr 2024, Çərşənbə axşamı - 16:13

Amasyada Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü qeyd olundu – FOTOLAR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən Cümhuriyyət Konfranslarının ikincisi Türkiyənin Amasya şəhərində baş tutub.

Amasya Dövlət Universitetində Türk Eğitim Sen ilə universitet rəhbərliyinin təşkilatçılığı ilə gerçəkləşən konfransda Azərbaycanın dünəni, bu günü və gələcəyi, Türkiyə ilə əlaqələrindən danışılıb.

Universitet rəhbərləri, şəhərin QHT nümayəndələri, Türk Eğitim Senin Amasya nümayəndəsi Kamil Terzi, Amasya Azərbaycan Dostluq Cəmiyyətinin sədri Atilla Yaprak, tələbələr iştirak ediblər.

Konfransın aparıcısı Amasya Universiteti Fənn-ədəbiyyat fakultəsinin dosenti Mətin Haqverdioğlu mövzu ilə bağlı qısa çıxış etdikdən sonra söz məruzəçilərə verilib.

İlk məruzəçi, xalq şairi, Dünya Azərbaycanlıları Konqressinin həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın yaranma tarixindən bu günümüzə ekskursiya edərək, bir millət və dövlət kimi formalaşmağımızdan bəhs edib. S.Rüstəmxanlı Nuru Paşanın Azərbaycanı xilas edilməsindəki roluna görə, bizim onu unutmadığımızdan, hətta Osmanlının paşanı ingilislərə təhvil verməsindən sonra milli hökumətin onu Batumdakı həbsxanadan qaçırdığına toxunub.

Amasyada Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü qeyd olundu – FOTOLAR

İkinci çıxışçı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan əlaqələrinin necə sağlam dəyərlərə söykəndiyindən danışıb. Öz məmləkətində çıxış etmənin sevincini yaşadığını bildirən Tənzilə Rüstəmxanlı “Türklər tarixən böyük millətdir. Osmanlı dövləti ona sığınan millətlərə həmişə qucaq açıb. Bizə də Türkiyə özünün ən çətin dövründə dəstək olub. Osmanlı ən ağır dövrünü yaşarkən, Ənvər paşa qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusuna rəhbər təyin edərək, Azərbaycanın xilası üçün göndərdi. Təkcə, onların deyil, Rəsulzadə də, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının da hədəfi böyük Türküstan, Turan idi. Biz bu gün çox arxayınıq. Üzərimizə hansı düşmənin gəlməsindən asılı olmayaraq, bilirik ki, Türk Xalqı hər zaman Ənvər-Nuru Paşalar yetişdirmiş və heç bir zaman nə Türkiyə Azərbaycanı, nə də Azərbaycan Türkiyəni tək qoymaz. Buna Bakıda Şəhidlər Xiyabanında yatan Ənvər və Nuru Paşa əsgərlərinin və Dardaneldə Türkün düşməyini ilə döyüşən Əhməd Cavadların ruhları yol verməz”.

Daha sonra çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə getdiyi bütün türk şəhərlərində Azərbaycanla Türkiyənin ortaq tarixə-mədəniyyətə sahib olduğunu gördüyünü bildirib: “Mən bir Azərbaycan türkü olaraq, Urfada Azərbaycan hökmdarı Sultan Həsənin tikdirdiyi məscidi və ya Amasyada Seyid Həmzə Nigarinin türbəsini və Şirvan camaatının tikdirdiyi Şirvanlı məscidini gördükdə, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” sözünün təsadüfi və sözgəlişi deyilmədiyinə bir daha şahid oluram. Azərbaycan ilə Türkiyə kimi bu qədər ortaq tarixə-mədəniyyətə sahib olan dövlətlər yoxdur. Bu gün cənab Ərdoğanın Azərbaycan prezidentinin şərəfinə verdiyi ziyafətdə oxunan mahnının sözlərində deyildiyi kimi, nəinki Qara Dəniz, bütün dünya dənizləri bizim bayraqlarımıza yol və salam verəcəklər”.

Daha sonra konfrans iştirakçıları Amasyadakı Xocalı Parkını ziyarət ediblər.

Qeyd edək ki, Cümhuriyyət konfransları aprel ayının 29-a qədər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı