3 oktyabr - qələbə və şərəf salnaməsinin başlanğıc günü - Tənzilə Rüstəmxanlı yazır
Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməsi ilə qoyulub.

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan iyunun 15-i Vətənin parçalanması, vətəndaş müharibəsinin qarşısının alınması kimi bir missiyanın başlanğıcı idisə, oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının göstərdiyi siyasi iradə mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün hüquqi qurtuluş, inkişafa gedən yolun ilk pilləsi idi.
Həmin dövrdə ölkənin üzləşdiyi siyasi, hərbi və sosial-iqtisadi problemlərin fonunda sadəcə hakimiyyətin formalaşması ilə çətinliklər ortadan qalxmırdı. Çünki hakimiyyətin idarə edəcəyi dövlət institutları və dövlət strukturları da iflic vəziyyətində idi. Azərbaycan müharibə vəziyyətindəydi. Torpaqların işğal edilməsi davam edirdi.
Dövlət orqanları ilə bərabər Azərbaycan Ordusu da funksionallığını itirmişdi. Sosial-iqtisadi sahədə də böyük böhran hökm sürürdü. Bu baxımdan 3 Oktyabr bütün bu problemlərin həllinə başlanılan mərhələ kimi qiymətləndirilməlidir. 3 Oktyabr tarixi, əlbəttə ki, bütün bu problemlərin həll edilməsinin başlanğıcı oldu. Buna paralel olaraq Azərbaycanın yeni siyasi sistemi inşa edildi.
Ulu Öndərin rəhbərliyi ilə ictimai-siyasi sabitliyin bərpasına, dövlət qurumlarının formalaşdırılmasına və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş tədbirlər həyata keçirildi. Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması və ordu quruculuğunun sistemli şəkildə aparılması müstəqilliyin qorunması baxımından mühüm addımlar idi.
1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Bu dövrdən dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız formalaşmağa başladı. Ölkəmizdə siyasi islahatlar aparılmağa başlandı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi.
İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlandı və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması başlıca amil idi.
Eyni zamanda bu dəyərlər ümumbəşəri ideyalarla daha da zənginləşdirildi. İlk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli Ümummilli Liderin tarixi xidmətlərindən hesab olunur.
Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə bütün həyatını həsr etdiyi Azərbaycanın gələcəyini özünün siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevə etibar etməklə bütövlükdə xalq və dövlət olaraq gələcək inkişafımızı əbədi təmin etmiş oldu. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğunu zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə 200 illik tariximizin qələbə və şərəf salnaməsini yazdı.
Bu gün Ümummilli Liderimizin arzusu olan ərazi bütövlüyümüz tam bərpa olunub, həm də Azərbaycan Respublikasının geopolitik liderliyi təsbit edilib. Təqvimin bu günü qələbə və şərəf salnaməsinin başlanğıc günü kimi tariximizə və qəlbimizə həmişəlik həkk olunub.
Hər birimiz qüdrətli və güclü Azərbaycana görə 30 il öncəki xalqın seçiminə və bu seçimi tarixi uğura çevirən Ulu Öndər Heydər Əliyevə əbədi borcluyuq.




