18 Yanvar 2021, Bazar ertəsi - 07:31

Tənzilə Rüstəmxanlıdan Şuşanın işğaldan azad olunması ilə bağlı TƏBRİK

“Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müqəddəs məkanımız olan Şəhidlər Xiyabanından verdiyi müjdə ölkəmizdə inanılmaz coşqu yaradıb. Elə bir coşqu ki, xalqımız bununla sanki yenidən doğuldu, təkrar ayağa qalxdı”.

İnterpress.az xəbər verir ki, bunu Azəri Türk Qadınlar Birıiyi (ATQB) və Azərbaycan Türkiyə Evi (ATEV) sədri Tənzilə Rüstəmxanlı bildirib.

“Prezidentin müjdəsi ilə çağdaş tariximizin qızıl səhifəsi yazıldı: ruhumuzun paytaxtı olan Şuşa şəhəri 28 il davam etmiş erməni işğalından azad edilib!

Bu xəbərin yaratdığı hiss və həyəcanları, sevinci, emosiyanı təsvir etməkdə söz də acizdir. Belə bir tarixi hadisəni yaşamaq, gözəl Qarabağımızı, onun baş tacı olan Şuşamızın azad edildiyini görmək misilsiz bir duyğudur.

Etiraf edək ki, torpaqlarımızın az qala 30 il müddətində erməni işğalında qalması, böyük güclərin Ermənistanı hərtərəfli dəstəkləmələri və işğalı qanuniləşdirmək cəhdləri bir çoxlarında dərin ümidsizlik, bədbinlik  doğurmuşdu.
Amma prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövləti və xalqı bu işğal faktı ilə barışmaq niyyətində deyildi və güclü təzyiqlərə baxmayaraq, barışmadı da.

İşğalçı Ermənistanın bu il sentyabrın 27-də başladığı hərbi təxribatla səbir kasası dolan Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməkdən başqa yolu qalmadı. Artıq 40 gündən çoxdur ki, müzəffər Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı azad edir, ermənilərin viran qoyduğu şəhər və kəndlərimiz üzərində yenidən Azərbaycan bayrağını dalğalandırır.

Əlbəttə, Vətənimizin hər bir daşı bizim üçün çox əziz, çox dəyərlidir. Eyni zamanda, düşmən tapdağından qurtarılan bütün yaşayış məntəqələrimiz hamımız üçün çox qiymətlidir.

Amma Şuşa… Bu adın doğurduğu hisslər tamam fərqlidir. Şuşanın işğaldan azad edilməsi ilə sanki milli qürurumuz da düşdüyü dar qəfəsdən azadlığa çıxdı.

Bu böyük sevinci xalqımıza yaşatdığı üçün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə öz adımdan və sədri olduğum Azəri Türk Qadınlar Birıiyi (ATQB) və Azərbaycan Türkiyə Evi (ATEV) adından sonsuz minnətdarlığımı bildirir, yeni zəfərlərimizi xalqımıza müjdələməsini arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!

Tanrı Sizi qorusun!

Tanrı müzəffər Ordumuzu qorusun!” – deyə, T.Rüstəmxanlı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı