06 Dekabr 2024, Cümə - 00:35

TƏNZİLƏ RÜSTƏMXANLIDAN AÇIQ MESAJ: “MİLLƏTİ TARİXİ KÖKLƏRİNDƏN QOPARMA PROSESİ GEDİR” – MÜSAHİBƏ

“Sabirin şeirində vergül ola bilməyənlər onu tənqid edirlər. Bu qədər!”
“Xalqın mədəniyyətini bəzi televiziyaların reklam və pul qazanmaq xatirinə hazırladıqları bayağı, içi bomboş verilişlər bu kökə qoydu”

“İndiki nəsil bilmir ki, torpaq şumlananda, torpaqdan buxar qalxır, ətir yayılır. Həmin ətir dünyada heç unudulmayan, əvəzi olmayan ətirdir”

“Adam alimlik diplomu ilə yenə də cahildirsə, deməli, bu, millətin faciəsidir”

“Dünya ədəbiyyatını kənd kitabxanasında oxumuşam”

“Hazırda Azərbaycanda elit olmağın meyarı rus dilini bilməkdir. Millət özünə hörmət etdirə bilmir. Məmur millətə hörmət etmədiyinə görə, sıravi insanlar da bu yolla gedir”

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Sherg.az”a müsahibəsini təqdim edirik:

-2018-ci il “Azərbaycan Xalq Cümhuriyyət ili” elan olundu. Bu il həmçinin Qafqaz İslam Ordusunun 100 illiyi də keçiriləcək. Azərbaycan və Türkiyə bu əlamətdar hadisələrlə əlaqədar birgə hansı işləri görə bilər?

-Bu, çox önəmli tarixdir. Cümhuriyyətimizin elan olunmasının, Azərbaycan türklərinin soyqırımının, Qafqaz İslam Ordusunun, Bakının düşmən işğalından azad olunmasının və s. əlamətdar hadisələrin 100 illiyi keçiriləcək. Bütün bu hadisələrə ciddi qiymət verilməli, 100 illiyin içərisi yüksək səviyyəli tədbirlərlə doldurulmalıdır. 31 mart soyqırımı ilə bağlı Türkiyə ilə Azərbaycan film çəkə bilər. Qafqaz İslam Ordusunun, Bakının işğaldan azad edən həmin ordunun başında 27 yaşında Nuru paşa dururdu. Ölkə başçısının Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamını əsas götürərək, minnətdarlıq hissi ilə şəhid olan türk əsgərlərinin, Nuru paşanın özünün ruhunun şad olması üçün Nuru paşanın Bakıda heykəli qoyula bilər. Türkiyə və Azərbaycan Mədəniyyət Nazirlikləri bir araya gələcəksə, bu cür mədəni əhəmiyyətli tədbirləri müzakirə edə bilərlər.

-Bəs “AXC ili” ilə əlaqədar hansı işlər görmək lazmdır ?

-Cümhuriyyətin 100 illiyinin layiqincə keçirilməsi üçün ilk növbədə Cümhuriyyət qurucularının adı əbədiləşdirilməlidir. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Sovet dövründə haqqı əlindən alınan cümhuriyyətçilərin haqqı onlara qaytarılmalıdır. O Cümhuriyyətimizin banisidir. Bu baxımdan, M.Ə.Rəsulzadəni və onun sələflərini ehtiramla yad etməliyik. Mən bir Azərbaycan türkü olaraq, prezident İlham Əliyevə minnətdaram ki, Cümhuriyyətimizin 100 illiyi ilə bağlı böyük sərəncam imzalayıb. Həmin sərəncamı ciddi tədbirlərlə həyata keçirmək lazımdır ki, söz xatirinə nə isə edilməsin. Sivil toplum quruluşu olaraq, biz də payımıza düşəni edəcək, həm Türkiyədə, həm də Azərbaycanda kütləvi tədbirlər həyata keçirəcəyik. Bu il Azərbaycan və Türkiyənin ortaq mədəni tədbirlər həyata keçirmək imkanları var.

-Cümhuriyyət qurucularının mühacirət həyatı yaşadığı, məzarlarının yerləşdiyi ölkələrdə hansı addımları atmaq olar ?

-Bütün ölkələrdə, dünyanın hər yerində Azərbaycan diasporası böyük, kütləvi tədbirlər keçirməlidir. Bu, çox vacibdir. Cümhuriyyətin nələrin hesabına başa gəldiyi, Azərbaycan türklərinə qarşı törədilən soyqırımlar vurğulanmalı, soyqırımı qurbanları anılmalıdır. Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri, səfirliklər, diaspora komitələri ciddi tədbirlər təşkil etməlidir. Azərbaycan Diaspora Komitəsinin bu sahədə yaxşı təcrübəsi var. Düşünürəm ki,yüksək səviyyəli işlər ortaya qoyacaqlar.

-Biz tarixi, ədəbi şəxsiyyətlərimizin fəaliyyətinin yüksək dəyərləndirilməsindən danışırıq. Amma gənc yazarların əksəriyyəti son vaxtlar tarixi, ədəbi şəxsiyyətlərimizi təhqir etməklə gündəmə gəlirlər. Bu hadisələrə münasibətiniz necədir?

-İnkarçılıq yolu tutmaq olmaz. Təəssüf ki, gənc nəslin nümayəndələrinin əksəriyyəti sovet dövrünün yazarlarını, elm və mədəniyyət nümayəndələrini inkar etməklə məşğuldurlar. Bu, düzgün deyil. Bir müddət əvvəl gənc yazar Kəramət Böyükçöl də xalq şairi Xəlil Rza Ulutürk haqqında əsası olmayan tənqidlər səsləndirdi. Onun qələmi, istedadı var, xətri əzizdir. Amma o, Xəlil Rza haqqında səsləndirdiyi fikirlərlə böyük səhvə yol verdi. Bunu dərk edib, üzr istədi. Olay bitmişdir, Kəraməti “öldürmək” də lazım deyil. O istedadlı gənc yazardır. Millət olaraq, səhvini ona başa saldıq. Tək Kəramətin deyil, başqalarının da tarixi, ədəbi şəxsiyyətləri təhqir etməyə haqqı yoxdur.

-Digər gənc yazar Ayxan Ayvaz da Mirzə Ələkbər Sabirlə bağlı…

-Bunlar belədirlər də. Dəfələrlə demişik ki, bu, düzgün yanaşma deyil. Mirzə Ələkbər Sabirin o dönəmin cəhalətinə qarşı verdiyi mücadiləni vurğulamalıyıq. Müasir dövrdə Sabirin dırnağı qədər yazıb, yaradan, cəsarətlə çıxış edib, cahilliyə qarşı mübarizə aparan 1, 2-dən çox yazar yoxdur. Gənclər çox vaxt özlərini gündəmə gətirmək üçün belə çıxışlar edirlər. Ağır şərtlər altında cahilliyə qarşı mübarizə aparmış Mirzə Ələkbər Sabirin şeirində vergül ola bilməyənlər onu tənqid edirlər. Bu qədər!

-Maraqlıdır ki, bu kimi hallar əsasən sosial şəbəkələr vasitəsilə yayılır. Bu gün sosial şəbəkələrin həyatımızdakı rolunu necə qiymətləndirirsiniz? Bu yenilikdən düzgün, təyinatı üzrə istifadə edə bilirikmi?

-Mən də sosial şəbəkə istifadəçisiyəm. Kimisə təhqir etmək, kiminsə ailəsinə, mətbəxinə girib, qazanının qapağını qaldırmaq, insanların şəxsi həyatı məni maraqlandırmaz. İşıqlandırmaq üçün Azərbaycan, türk dünyasının o qədər ciddi problemləri mövcuddur ki. Milləti millət olmaqdan çıxaran məsələlər var, ona münasibət bildirməliyik. Milləti mədəniyyətindən, tarixi köklərindən qoparma prosesləri gedir. Gənclərimiz, yazarlarımız bu məsələləri işıqlandırmaqdan uzaqdırlar. Gündəmi o qədər bayağı şeylərlə məşğul edilər ki, bunlar üçün vaxt, zaman xərcləməyə belə dəyməz. İndiki nəslin səhvlərini göstərdim. Qəbul edərlər, etməzlər, özləri bilərlər. Hazırkı nəsil heç kəsi bəyənmir, onlara elə gəlir ki, etdilklərinin hamısı düzgündür. Sosial mediada hər kəs öz əxlaqını nümayiş etdirir. Sosial media kimisə təhqir etmək, söyüş söymək meydanı deyil. Başqa millətlərin gəncləri, ruslar, gürcülər hansı nöqteyi-nəzərdən, hansı məqsədlə istifadə edir? – bunu araşdırsınlar. Bizimkilər sosial şəbəkələri ancaq söyüş meydanına çevirir. Mədəniyyətin, ağlın, biliyin bitdiyi, cəhalətin və gücsüzlüyün başladığı yerdə söyüş baş qaldırır. Ona görə, sosial medianı tərbiyəsiz söyüşlərlə “bəzəyənlər” cəhalətin böyük nümunəsidir. Bir millətin isə ən böyük faciəsi məhz cahillikdir.

-Cahilliyin mayasında hansı amillər dayanır ?

-Başlıca amillərdən biri kitaba münasibətdir. Kitab oxumurlar. İnsanın mənəviyyatını dəyişdirəcək, onu kamilləşdirəcək heç bir filmlərə baxan yoxdur. Teatra gedənlər demək olar yoxdur. Nə öyrənəcəklər, mədəniyyəti haradan götürəcəklər? İstəyir alim olsun, cahillik savadla ölçülmür. Bir nəfər alimlik diplomu ilə yenə də cahildirsə, deməli, bu millətin faciəsidir. Cəmiyyətin mədəniyyəti qadına olan münasibətlə ölçülürsə, bir millətin mənəvi dəyərləri kitaba olan münasibətlə ölçülməlidir. Kitab oxuyan ölkələrə baxın. Görün, səviyyələri haradadır.

-Cəmiyyətdə belə fikir dolaşır ki, Azərbaycanda “mədəniyyət” dedikdə, insanların ağlına ilk olaraq “şou-biznes” gəlir. Bu şüuraltı təsirlər nədən irəli gəlir ?

-Əslində isə Azərbaycan mədəniyyəti müğənnilərdən, musiqidən, şou-biznesdən ibarət deyil. Xalqın mədəniyyətini bəzi televiziyaların reklam və pul qazanmaq xatirinə hazırladıqları bayağı, içi bomboş verilişlər bu kökə qoydu. Kanalı açırsan ancaq qalmaqal, bir-birini təhqir, ya da ki, çalıb-oynamaqdır. Bu, mədəniyyət deyil.

– Regionlarda kitab mağazaları demək olar ki,yoxdur. Kitabxanalar azdır, sanki buna görə, insanların kitaba marağı da öləziyib. İnsanların yenidən kitaba “sarılması”, öz perspektivli gələcəkləri üçün kitabın ətəyindən yapışmaları istiqamətində hansı işlər görülməlidir ?

-Rayon, kənd məktəblərində əvvəllər böyük kitabxanalar var idi. Yadımdadır, orta məktəbdə oxuyanda, sıra ilə bədii ədəbiyyat nümunələrini kənd məktəblərindən əldə edirdik. Mən dünya ədəbiyyatını kənd kitabxanasında oxumuşam. F.Dostayevskini, E.Voyniçi, U.Şekspiri, V.Hüqonu və s. şəxsiyyətlərin kitablarını ucqar kəndlərdə öyrənmişik. Kitab fuarları, sərgilər keçirilirdi. İndi də var, amma yalnız nəşriyyatların çırpına-çırpına öz gücünə bacardığı qədərdir. Kütləvi maraq oyatmaq, aksiyalar keçirmək gərəklir.

– Bildiyimə görə, o vaxt tanınmış şair və yazıçıların yubileyləri ilə bağlı müsabiqələr elan edirmişlər…

– Bəli, Səməd Vurğunun 70 illik yubileyinə o vaxt möhtəşəm bir müsabiqə keçirilmişdi. ora qatılan orta məktəb şagirdləri Səməd Vurğunun şeirləri ilə yarışırdılar. Məsələn, bir məktəbli Səməd Vurğunun şeirini oxuyurdu, şeir “a” hərfi ilə bitirsə, digəri “a” hərfi ilə başlayan başqa şeirini oxumalı idi. Mən o vaxt həmin yarışmaya qatılanda Səməd Vurğunun “Komsomol” poemasını sözbəsöz, başdan ayağa əzbərləmişdim. Gənclərdə bu həvəsi indi də oyatmaq olar. Uşaqlara bütün bunları öyrətsək, sevdirsək öyrənəcəklər. Şeiri, sənəti, mədəniyyəti, teatrı, milləti, onun ziyalılarını, ədəbi şəxsiyyətləri, torpağı sevdirmək lazımdır. İndiki nəsil bilmir ki, torpaq şumlananda, torpaqdan buxar qalxır, ətir yayılır. Həmin ətir dünyada heç unudulmayan, əvəzi olmayan ətirdir.

– Əlbəttə, toxunduğunuz məsələlərin ölkəmizin təhsil həyatı ilə birbaşa bağlantısı var. Ziyalılar, ictimai xadimlər də qeyd edirlər ki, təhsillə bağlı köklü islahatlar həyata keçirməyin vaxtı nəinki çatıb, artıq vaxtı ötüb. Bu sahədə müsbət dönüş yaratmaq üçün hansı addımları atmalıyıq?

-Bir millətin genefondunu məhv etməyin iki yolu var. Birincisi, təhsili məhv etməkdir, ikincisi isə səhiyyəni. Azərbaycanda hər iki sahə çox pis vəziyyətdədir. Ona görə, bu sahələrə ciddi diqqət ayrılmalıdır. Orta məktəblərdə, təhsil milli olmalıdır. Gənclərimizin dil bilikləri bərbad gündədir. Küçədə, ictimai məkanlarda diqqət edirsən, yeniyetmələr, gənclər, yetkin insanlar – hər kəs ancaq rus dilində danışır. Azərbaycan türkcəsi onların həyatında yoxdur. Son illər, özəlliklə Bakı şəhərində məmurlardan tutmuş, sıravi şəxslərə qədər hamı rus dilində çıxan qəzetləri oxuyur. Bu o deməkdir ki, millətin elitası da öz dilini sevib, ona hörmət etmir. Hazırda Azərbaycanda elit olmağın meyarı rus dilini bilməkdir. Millət özünə hörmət etdirə bilmir. Məmur millətə hörmət etmədiyinə görə, sıravi insanlar da bu yolla gedir.

-Səhiyyə sahəsində sıravi insanlar məmurların yolu ilə gedir. Məmurlar səhhətində problem yaranan kimi xarici ölkələrə üz tuturlar. Sıravi insanlar da – kiminsə barmağına tikan batan kimi İrana, Türkiyəyə, Gürcüstana və s. gedir. Səhiyyəmizin inkişafı üçün nələr çatışmır?

-Qınamayın. İnsanlar da sağlamlıqları üçün bunu etməyə məcbur olurlar. Bu sahələri inkişaf etdirmək üçün ilk növbədə savadlı kadrlar hazırlamaq lazımdır. Xaricdə oxuyub, gələn kadrlara imkan yaratmalıyıq ki, öz ölkələrində öyrəndiklərini həyata keçirə bilsinlər. Rüşvətlə həkim, müəllim işə götürülməz. Problemlərin bəlkə də başlıca səbəbləri elə bunlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı