19 Sentyabr 2018, Çərşənbə - 20:26

Tənzilə Rüstəmxanlı: “Turan üçün çarpışdı, Turan üçün döyüşdü, Turan üçün şəhid oldu Ənvər Paşa”

4 avqust tarixi Osmanlı Türkiyəsinin sonuncu Hərbi Naziri Ənvər Paşanın vəfat etdiyi gün idi. Ənvər Paşa 4 avqust 1922-ci ildə Orta Asiyada ruslar tərəfindən qətlə yetirilib və Türküstanda dəfn edilib. Dünən bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən Turan sevdalısı olan Ənvər Paşanın nəşinin Türkiyəyə gətirilməsi və Atatürkün məzarının ali tutulduğu Türkiyədə Ənvər Paşanın da anım məbədinin olması ilə bağlı təşəbbüslər səsləndirildi.

Ənvər Paşanın bu qədər sevgi və diqqət görməsi, insanların onunla bağlı arzularını dilə gətirməsi, əlbəttə ki, çox gözəldir. Ancaq məlumat üçün bildirək ki, Ənvər Paşanın nəşi 1996-cı ildə, Süleyman Dəmirəlin dönəmində Türkiyəyə gətirilib. Və elə vəfat etdiyi tarixdə, 4 avqustda Şişlidəki Hürriyət təpəsində, Talat Paşanın məzarının yanında dəfn edilib.

Moderator.az Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Turan sevdalısı Ənvər Paşa haqqında fikirlərini öyrənib.

M.K.Atatürkün Ənvər Paşa haqqında söylədiyi “Ənvər Paşa bir günəş ehtişamı ilə doğulmuş, bir qürub ehtişamı ilə batmışdır. Arasını tarixə buraxaq” fikri ilə sözə başlayan Tənzilə Rüstəmxanlı əvvəlcə qısaca da olsa tarixə nəzər salıb:

“1915 il Türkiyə. İngiltərənin başçılığı altında imperialist qüvvələr Dardanel boğazına hücum edir. Padişah Sultan Reşat, Genelkurmay sədri və Hərbi Nazir isə Ənvər Paşa olur. Düşman nə qədər qüvvətli olsa da Türkün iman dolu göksü düşmən qüvvələrini durdurur. Bu qəhrəman müqavimət başqa bir tarixi hadisəyə də səbəb olur. Bilindiyi kimi düşmən gəmiləri Dardanel ala bilsəydilər, Qara Dənizə çıxacaq və çətin vəziyyətdə olan Çar qüvvələrinə yardım edəcəkdilər. Türk ordusu buna icazə verməyincə Çar gözlədiyi yardımı almamış və Qızılordu qalib gələrək kommunist rejimini qurur. Sual budur ki, öz vətən torpaqlarını qoruyub, düşmən işğalına icazə verməyən Əsgər Rusiyada meydana gələn kommunist rejimdən məsul tutula bilərmi? Padşah Sultan Reşat, Hərb naziri Ənvər Paşa kommunistdir deyə bilərikmi?”

Tənzilə xanım Ənvər Paşanın şəhadəti haqqında da danışıb:

“4 avqust 1922-ci il Ənvər Paşanın şəhadət şərbətini içdiyi gündür. Osmanlı İmperiyasının son illərində fəal olan Osmanlı əsgəri və siyasət adamı. Ürəyi Türk Dünyası üçün döyünən Böyük Əsgər. I Dünya Müharibəsinin məğlubiyyət ilə nəticələnməsindən sonra Almaniya və Rusiyada Türk xalqlarının bir araya gətirilməsi məqsədli bir çox mübarizədə olmuş, Orta Asiyadakı Türk xalqlarını yüksəltmək məqsədilə getdiyi Türküstanda bolşeviklərə qarşı apardığı bir qarşıdurma zamanı şəhid olacaq qədər Hürriyyət qəhrəmanı. Bəli! Ənvər Paşa daim Türk Dünyasının azadlığından yana oldu ki, Makedoniyada, Trablusgarda, Balkanlarda və Qafqazda daim Türk Dünyası üçün çarpışdı. Qardaşı Nuru Paşanı Azərbaycanda tanımayan yoxdur. Bakını ermeni-rus-ingiliz işğalından azad edən Nuru Paşa onu Qafqaz İslam Ordusuna komandan təyin edib, Azərbaycana göndərib bu gün Bakıda rəhmətlə andığımız Ənvər Paşa. Türk Abidəsi həm də Ənvər Paşaya hörmətimizin əsəridir. Çünki Ali Baş Komandan vəkili olaraq, o, qəhrəman türk əsgərlərini Azərbaycana göndərib və şanlı tarixin yazılmasına imza atıb. İttihadi Tərəqqi devrildikdən sonra bütün liderlər Avropaya gedərkən, Ənvər Paşanın hədəfində Türküstan vardı. İri Türküstan ellərini birləşdirib, Turan qurmaq istəyirdi Paşamız. Bolşevik ruslara qarşı türk xalqlarını qaldırıb, yeni örtük dəyişdirmiş rus əsarətinə və ingilis imperializminə məğlub olmalarını əngəlləmək istəyirdi. 1921-ci ilin oktyabr ayında bir Turan dövləti qurmaq niyyətilə Teşkilat-ı Mahsusa keçmiş liderlərindən Kuşçubaşı Hacı Sami və digər ittihatçılarla birlikdə Batumdan Buxaraya gedib. Turan xanlığını qurmaq üçün böyük işlər görüb və ruslara qarşı döyüşən Basmacıları örgütleyib Basmacı Üsyanının başlamasına dəstək verib. 1922-ci ilin fevralında komandanlığı altında topladığı Basmacı qoşunları ilə Düşənbəni ələ keçirib, oradakı Sovet qarnizonunu əsir alıb. Sonra Xorasan üzərinə yeriyərək Qızılordu birliklərinin Buxara və Xorasandan çəkilmələrini tələb edib. 28 iyun 1922-ci ildə Kafiran Müharibəsini uduzduqdan sonra dağlara çəkilmək məcburiyyətində qalıb. 4 avqust 1922-ci ildə, Qurban Bayramı zamanı Tacikistanda, Belçivan yaxınlığında Agop Melkovian adlı erməninin başçılıq etdiyi Bolşevik Ruslara qarşı toqquşmada üzərinə düşən topla həyatını itirib və Çeğen kəndinə basdırılıb”.

Image result for ənvər paşa

Tənzilə Rüstəmxanlı sonda Türküstan sevdalısı Ənvər Paşanın ruhunu sayğıyla anıb:

“Turan üçün çarpışdı, Turan üçün döyüşdü, Turan üçün şəhid oldu Ənvər Paşa. Qarabağda müharibənin astanasına gəldiyimiz bir dövrdə Ənvər Paşanı hörmətlə anırıq. Bilirik ki, Türk Xalqı hər zaman Ənvər Paşalar yetişdirmiş və heç bir zaman nə Türkiyə Azərbaycanı, nə də Azərbaycan Türkiyəni tək qoymaz. Buna Bakıda Şəhidlər Xiyabanında yatan Ənvər və Nuru Paşa əsgərlərinin və Dardaneldə Türkün düşməyini ilə döyüşən Əhməd Cavadların ruhları yol verməz.
Haqqında edilən bir çox ittihamlara baxmayaraq, Ənvər Paşa Türk millətinin və yaxın tariximizin ən önəmli adlarından biridir. Hər zaman anılmalı, unudulmamalı, unutdurulmamalıdır. O, bir Türk və Turan sevdalısı olub, istər xəyalpərəst desinlər, istər Sarıqamışda dara çəksinlər. Bütün böyük hədəflər ilk əvvəl xəyallarda qurulur və sonra baş verir.
Məkanı Cənnət, ruhu şad olsun. Şəhadətinin 95-ci ilində də Ənvər Paşanı sayğıyla anırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı