03 Dekabr 2024, Çərşənbə axşamı - 19:05

Tənzilə Rüstəmxanlı Türkiyə ilə bağlı ilginc faktlar açıqladı

“SOCAR-ın aldığı TV Xocalı ilə bağlı bir süjüt belə verməyib”

Bu ilin fevralın 20-dən martın 9-dək Türkiyə səfərdə olan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı keçirdiyi görüşlərlə bağlı mətbuat nümayəndələri üçün brifinq keçirib.

txrAzNews.az-ın məlumatına görə, T.Rüstəmxanlı bildirib ki, Xocalı soyqırımı ilə bağlı Türkiyənin 6 universitetində təşkil olunan konfranslara, eləcə də Türk Qadınlarının Qurultayına qatılıb: “Mart ayının 20-də Türkiyədə Milliyyətçi Qadınlar Qurultayında iştirak etdim. Həmçinin Türkiyə Təhsil Həmkarlar İttifaqının təşkilatçılığı ilə İstanbul, İzmir, Muğla, Kayseri, Aydın, Mərsin universitetlərində konfranslar keçirdik. Görüşlərdə universitet müəllim və tələbə heyətinə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlar verdik və onlara lazımi materiallar təqdim etdik”.

“Türkiyədə Qarabağ problemindən xəbərsizdilər”

T.Rüstəmxanlı əlavə edib ki, illərdir bu səpkili görüşlər, konfranslar nəticəsində artıq milli məfkurəli insanların bu faciə haqda kifayət qədər məlumatı var: “Amma təəssüflər ki, qardaş ölkənin sadə vətəndaşlarına hələ də Qarabağ problemini, Xocalı faciəsi barədə məlumatları lazımi səviyyədə deyil. Tələbə və müəllim heyətinin əksəriyyəti indiki Ermənistanın Azərbaycan torpaqları olduğunu, onların Azərbaycana qarşı apardıqları işğalçılıq siyasəti haqqında məlumatlı deyillər. Keçirdiyimiz konfranslarda Xocalı soyqırımı ilə yanaşı, ermənilərin Qafqaza gəlmə olduqlarını və digər bu kimi məsələləri onlara izah edildi”.

“Haqlı işimizdən heç zaman imtina etməyəcəyik”

Cəmiyyət sədri Xocalı soyqırımı ilə bağlı Türkiyədə keçirilən son kütləvi aksiyalardan da danışıb: “Türkiyədə bu faciə ilə bağlı keçirilən son aksiyalarda daha çox milliyyətçilər maraq göstərir və onlar Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olduqlarını bildirirlər. Biz bu məsələnin qardaş Türkiyədə, o cümlədən, dünyanın müxtəlif ölkələrində tanıdılması istiqamətində işlərimizi davam etdirəcəyik və bu haqlı işimizdən heç zaman imtina etməyəcəyik. Artıq apardığımız təbliğatlar işi də öz nəticəsini verməkdədir”.

“Təbliğat üçün pul ayrılmalıdır”

Bütün bunlarla yanaşı, T.Rüstəmxanlı dünyanın müxtəlif ölkələrində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı lazımi təbliğat vasitələrinin olmamasından gileylənib: “Bu təbliğat vasitələri bir neçə dildə dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyənin təhsil müəssisələrində, kitabxanalarına pulsuz olaraq paylamağımız vacibdir. Bu, hər kəsin də olmasa, birinin diqqətini mütləq çəkəcək. Hesab edirəm ki, bu sahə ilə məşğul olan QHT-lərə xüsusi diqqət yetirilməlidir. QHT-lərə dövlət tərəfindən bu məsələ ilə bağlı verilən qrantlar çox azdır. Hazırkı ayrılan vəsaitlə qeyd etdiyim problemləri aradan qaldırmaq mümkün deyil və dövlət bu məsələyə yenidən baxmalı, lazımi qədər vəsait ayrılmasına şərait yaratmalıdır”.
SOCAR-ın aldığı TV Xocalı ilə bağlı bir süjüt belə verməyib

O, həmçinin Türkiyə mediasında Ermənistanın Azərbaycan torpaqlarının işğal faktı və bu ölkənin xalqımıza qarşı apardığı soyqırım siyasətinin yetərincə işıqlandırılması məsələsinə də toxunub:
“Son dönəmlərə qədər düşünürdüm ki, Türkiyə qardaşımızdı, bir millət, iki dövlətik, buna görə də Türkiyədə diaspor fəaliyyəti göstərməyə ehtiyac yoxdur. Bizə hər zaman elə gəlib ki, Azərbaycanı narahat edən məsələlər Türkiyə gündəminə də oturacaq, media bu haqda danışacaq. Ancaq 2009-cu ilin martında sərhədlərin açılması məsələsi gündəmə gələndə mən Türkiyə mediasında elə yazıların şahidi oldum ki, uzun müddət özümə gələ bilmədim. Elə düşünürdüm ki, türk mediası yekdil bir fikir ortaya qoyaraq deyəcək ki, qardaşımız Azərbaycanın maraqlarına uyğun deyilsə, o sərhədlər açılmamalıdır. Amma təəssüf ki, biz bunun tam əksini gördük. Bunları görəndən sonra anladım ki, baxışlarımızı dəyişməliyik. Türkiyə bizim canımız-qanımızdı, qardaşımızdı, bunlar hamısı öz yerində, ancaq biz orada öz diasporumuzu da gücləndirməli və yerli KİV-lərlə əməkdaşlığımızı artırmalıyıq. Biz bu məsələyə diqqət ayırmadığımıza görə hətta Türkiyədə də erməni təbliğatına uduzuruq. Erməni diasporu bu məsələdə bizdən qat-qat güclüdür. Biz bu vaxta qədərki arxayınçılığımızı bir kənara qoyub real işə keçməliyik. Orada ən sanballı telekanalları da, qəzetləri də alıb öz mənafelərimizin müdafiəsi üçün istifadə etməliyik. Azərbaycan imkansız bir dövlət deyil. Orada ən sanballı telekanalları da, qəzetləri də alıb öz mənafelərimizin müdafiəsi üçün istifadə etməliyik. Təbii, “Kanal 24” və “Star” qəzetinin nümunəsindəki kimi yox… Azərbaycan “Kanal 24”-lə “Star” qəzetinin 50 faiz sahibidi. Xocalı soyqırımının ildönümündə kanal bu faciə ilə bağlı 1 cümlə də vermədi. Miliyyətçilərin “Bəngütürk” kanalı isə Xocalı ilə bağlı saatlarla verilişlər verdi, xronika yayımladı, bütün xəbər buraxılışlarında bu haqda danışıldı. Azərbaycanın maraqlarına xidmət etməyəcəksə SOCAR o kanalın, o qəzetin 50 faizini niyə alıb? Azərbaycan dövləti bu məsələ ilə nədən maraqlanmır? Hesab edirəm ki, bundan sonra qardaş ölkədə bu məsələlərə xüsusilə diqqət yetirilməlidir. Biz Türkiyədə öz broblemlərimizi anlata bilmiriksə, bu biabırçılıqdır”.

Həsən
AzNews.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı