26 Dekabr 2024, Cümə axşamı - 13:55

Tənzilə Rüstəmxanlı Türk Şölənini elan etdi

Azərbaycanda “Türklük Şöləni” bayram tədbiri ilə bağlı mətbuat konfransı keçirilib.

İnterpress.az-ın məlumatına görə, mayın 2-də Azərbaycan Opera və Balet Teatrında keçiriləcək “Türklük Şöləni”nin təşkilatçıları “Azəri-Türk” Qadınlar Birliyi və “Azərbaycan-Türkiyə Evi”dir. Konfransı giriş sözü ilə açan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, “Türklük Şöləni” artıq Azərbaycanda bir neçə ildir qeyd edilir: “Hər il bu bayram bir şəxsə həsr olunur. Bu il keçiriləcək mərasim isə forma baxımından əvvəlkilərdən fərqli olacaq. Mərasimdə müxtəlif türk respublikalarından söz-sənət adamları iştirak edəcək”.

O, həmin qonaqların bir qismini media nümayəndələrinə təqdim edib: “Bunlar ilk dəfədir ki, Azərbaycana gəlirlər. Danışıqlarından belə başa düşdüm ki, çox məmnundurlar. Bunlar hər biri öz ölkəsinin tanınmış sənətkarlarıdırlar. Qonaqlarımız təkcə bu sənətkarlardan ibarət deyil, onların bir qismi hələ gəlməyib”.

T. Rüstəmxanlı əlavə edib ki, belə bir tədbirin keçirilməsi, ayrı-ayrı ərazilərdə, dövlətlərdə yaşayan türklər arasında bir körpü yaratmaq, mədəni əlaqələri daha da genişləndirməkdir: “Biz həm onların yaşayışları, adət -ənənələri ilə daha yaxından tanış oluruq. Həm də özümüzü, dövlətimizi və dərdlərimizi tanıdırıq. Baxmayaraq ki, eyni millətik, amma bu şəxslər Bakıya gələndən sonra Qarabağ problemini, ermənilərin törətdikləri vəhşilikləri, eləcə də digər torpaq sorumumuzla bağlı bilgiləndilər. İnanıram ki, bundan sonra bu türk bacı-qardaşlarımız hər yerdə bizim təmsilçimiz, sözçümüz olacaqlar”.

Onun sözlərinə görə, mayın 2-də keçirilən bayram tədbirindən sonra qonaqları Azərbaycanın bir çox tarixi yerləri ilə, eləcə də Quba şəhərindəki məzarlıqlarla tanış edəcəklər: “Onlara Azərbaycanın üzləşdiyi Qarabağ problemi haqda da məlumat veriləcək. Hesab edirəm ki, bu sənətçilərin bizim problemlərdən məlumatlı olması vacibdir. Qoy, onlar da haqlı davamızda bizi müdafiə etsinlər. Məqsədimiz Azərbaycanı sevdirmək və mənəvi birliyi möhkəmləndirməkdir”.

O bildirib ki, “Türklük Şöləni”, “Şah İsmayıl –Sultan Səlim simpoziumu”, “Atatürk simpoziumu” və “Xocalı soyqırımının tanıdılması” kimi layihələr davamlı olacaq.

Sonra söz türkdilli ölkələrdən tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edən sənətçilərə verilib. Sənət adamları Murat İde, Yıldız Esra, Marina Saksaeva, Olqa Tannagaieva, Aleksandr Diaçkovski, Yuliyana Krivoşapkina, İrina Kenzina, Fatima Sultanova, Kenzhebek Sadyrbekov və Mehmet Muxtar Azərbaycan haqda xoş sözlər deyiblər. Çıxışçılar Azərbaycana ilk dəfə gəldiyini və buranı ürəkdən sevdiklərini bildiriblər. Qırğızıstanlı sənətçi Aleksandr Diaçkovskinin isə sazda ifa etdiyi musiqi nömrəsi çox maraqla qarşılanıb.

İnterpress.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı