03 Dekabr 2024, Çərşənbə axşamı - 18:41

Tənzilə RÜSTƏMXANLI: Sən kimsən? Sən nəsən? Deyimmi?

rustemhanli-hocali-katliam-degil-soykirimdir-5739979_o

 

Biz itlərin hürdüyünü, karvanların da yürüdüyünü çox gördük. Millətə it hürəndə, bizə də çaqqal hürüb, həmişə. Adı üstündə çaqqal. Həm də qurd dərisi geymiş çaqqal …

Dünən zəng etdilər ki, sizin adınız bir müsahibədə çəkilir. “Ola bilər” dedim. Bilmədiyim və gözləmədiyim bir şey deyildi. Onsuz da mən bu adamların mahiyyətini bilirdim.
Normal bir münasibət olsaydı, qətiyyən reaksiya verməzdim. Əgər o müsahibədə haqqımda iftira olmasaydı. Mənim də zəif nöqtəm budur, iftiraya dözə bilmirəm. Müsahibəni oxuduqca, , ABŞ-ın Vaşinqton şəhərində 1998-ci ildə keçirilən və Azərbaycandan da böyük bir heyətin iştirak etdiyi, DAK-ın yaranmasına səbəb olan ikinci qurultayı gözlərimin önünə gəldi.. Hidayət Orucov (O zaman prezidentin müşaviri idi), Əli Həsənov, Fəraməz Maqsudov, Sabir Rüstəmxanlı, Firudin Ağasıoğlu, Fəzail Ağamalı, Əli Kərimli və adını çəkmədiyim bir çox ziyalılar, siyasi xadimlər həmin nümayəndə heyətinin tərkibində idi. Qurultayın açılışında Azərbaycan prezidenti Heydər Əliyevin təbrik məktubunu Hidayət Orucov oxudu, Gözəl və çox əhəmiyyətli bir təbrik idi. Elçibəyin təbrikini isə Əli Kərimli oxudu, çox səmimi bir təbrik idi. Açılışda güneyli qardaşlarımızdan biri səhnədə Azərbaycan bayrağının olmasına etiraz etdi. İranın da bayrağının gətirilməsini istədi, bizlərin ciddi etirazı üzərinə Azərbaycan bayrağı qurultay boyu səhnədə dalğalandı.
Ceyhun Mollazadə Amerika Konqresmenlərini oraya gəlməsini təşkil etmişdi. Bizim o zamankı Amerikadakı səfirimiz Hafiz Paşayev qurultayın səmərəli keçməsi üçün çox əmək vermişdi. Əjdər Tağızadəni o qurultayda tanımışdım, pafoslu bir çıxış etmişdi və qurultayın idarə heyətinə öz namizədliyini vermişdi, Azərbaycandan gedən kimsə o qurultayın rəhbər orqanlarında təmsil olunmadılar, çünki güneylilərin orda olmasını istəmişdilər. Çox gərgin bir savaşdan sonra idarə heyətini üzvləri gizli səsvermə yolu ilə seçilmişdiler. Adlar açıqlananda Əjdər Tağızadə bir səs almışdı və sonra məlum olmuşdu ki, o da öz səsi idi. Beləliklə, o zamandan sonra keçirilən bütün qurultaylarda bu adamı güneylilər idarə heyətinə seçmədilər və onun DAK-da olmasını istəmədilər. Hər zaman əleyhinə danışardılar. Sonralar biz Sabir bəylə bir neçə Qurultaya qatılmadıq, Sözün düzü orada baş verən bəzi olayların şahidi olmamaq üçün uzaqlaşdıq. O zamana qədər ki, Cavad Derəxti israrla bizi dəvət etdi. Şəxsən mənim DAK-ın işində yaxından iştirak etməmi istəyirdi. O gün bu gün biz DAK-ın işində yaxından iştirak edirik. Sonralar Sabir bəyə yenə güneyli qardaşlarımız minnətçi düşdülər ki, sən DAK-ın məclis başqanı ol. Seçdilər, sonra dedilər ki, həmsədrlərindən biri də mütləq Sabir bəy olsun. Hər qurultayda mütləq bir dava-dalaş olardı, rəhbərlik üçün və bu davaların da başında Əjdər Tağızadə dururdu, dost dediyi, süfrəsində çörək kəsdiyi hər kəsə xəyanət edərdi, hamıyla davalıydı, şahid olduğum bir şey vardı o da güneylilərin bu adamı sevmədiyi idi. Və heç bir qurultayda o, güneylilərdən səs ala bilmədi. Ancaq quzeydən, Rusiyadan olan, yəni onu tanımayıb, pafosuna aldananların və xətir-hörmətə səs verənlərin dəstəyi ilə siyahının sonuncu nəfəri olaraq, İdarə Heyətinə seçildi.
Dədələrimizin bir sözü var, abırsızdan abrını satın al.Biriləri manqurt ola bilər, amma gerçəklərin üstünü iftira ataraq örtə bilməzsiniz. Mənim də adımı çəkdiyi müsahibəsində deyir ki, Sabir bəyi DAK-ın başına mən gətirmişəm, adamdan soruşurlar sən o zaman DAK-da kim idin? Bəlkə tam tərsi olmuşdu Səni DAK-ın rəhbər orqanlarında təmsil olunman üçün Sabir Rüstəmxanlı gətirmişdi? Sənə görə ondan Güneydən olan bir çox ziyalı küsmüşdü və nə qədər “Əjdər kimi adamlar oradadır, biz ora gəlməyəcəyik” demişdilər. Cavad Derəxti, Səbri Təbrizli, Əhməd Obalı, Eldar Qaradağlı və başqaları ilə sən deyildinmi davalı olan?
Hələ indi qol qola gəzdiyin Səftər Rəhimlini Sabir bəyin otağında ən alçaq şəkildə təhqir edərək DAK-dan uzaqlaşması üçün hər cür iftiraları atan sən deyildinmi? Qəzet səhifələrinə verdiyin müsahibələr boy-boy durur. Əgər Səftər Rəhimli zərrə qədər özünə hörmət etsəydi, səninlə bir araya gəlməzdi. Belçikadakı konfransı unutdunmu? Rusiya Nümayəndəsi Mirəşrəf Fətiyevin səninlə bağlı dedikləri və sənin getməni gərəkdirən səbəbləri, sən unutdunsa, biz unutmadıq! Təşkilatın qeydiyyatdan keçməsi üçün ondan nə qədər pul sızdırman, sonra da ona çirkab atmağın və bundan sonra Mirəşrəf bəyin Sabir bəydən incik düşməsi təkzib edə bilməyəcəyin gerçəklərdir. Bütün bunlara rəğmən Sabir bəy səni müdafiə etdi. Sənin etdiyin namərdliklərə səbirlə yanaşdı. Onu-bunu suçlayırsan ki, iş görmürlər, sən nə iş görmüsən onu ortaya qoy, fitnə fəsatdan başqa? Yaşadığın ölkədə Güneylə bağlı konfranslar keçirdin də, bizimmi xəbərimiz yoxdur? Bir dəstə küskünlərlə toplaşıb, DAK adına iddialısınız, olun, gedin siz də daha yaxşı işlər görün, ortaya bir iş qoyun, yaşadığınız ölkədə İran rejiminə qarşı 100 nəfərlik bir mitinq təşkil edin, əlinizi tutanmı var? Bizim kimsəyə verə bilməyəcəyimiz bir hesabımız yoxdur!
İstanbul Qurultayında hesabat dövrünə aid iri həcimli “Qurultaydan Qurultaya”-adlı bir kitab təqdim olunmuşdu. Son üç ildə aybaay görülən bütün işlər, müxtəlif ölkələrə səfərlər, beynəlxalq təşkilatlarla görüşlər bu kitabda əksini tapıb. Əgər bu işlərin Güneyə aidiyyatı yoxdursa onda İran Höküməti niyə dalbadal DAK-a qarşı və şəxsən Sabir Rüstəmxanlını hədəf göstərən notalar verirdi? Bəlkə Bakı-Təbriz jurnalını da sən buraxmısan? Seyidəli Xameneyiyə də açıq məktubu sən yazmısan? Onlarla güneyli övladımızın oxumasına yardım etmək də sənin xidmətindir?
Uzun illər Millətimiz və Vətənimiz uğrunda fədakarlıqla xidmət etmişik, bunun üçün də kimsədən sifariş almamışıq. Bütöv Azərbaycan və Türk dünyası uğruna apardığımız bu müqəddəs yolda bizə yol göstərəcək və dərs keçəcək ən sonuncu adam sənsən, Əjdər Tağızadə! Mənim sənə sözüm olsa mərdi mərdanə üzünə söylərəm, necə ki, Almaniyada oynadığın bütün çirkli oyunları üzünə qarşı söylədim. Türkiyədə keçirilən Qurultaya da dəvət etdiyimiz çox dəyərli ziyalıları da kimliyi bilinməz insanlar adlandırmısan. Bunu sənin cahilliyinə verdim. Hər kəsi öz arşınının ilə ölçmə. O salona gələn insanlar Türkiyənin dəyərli ziyalıları və media işçiləri idi və kimlikləri bəlliydi. O salonda kimliyi bəlli olmayan və hansı düşmən dəyirmanına su tökdüyü bilinməyən biri vardısa, o da səndin, Əjdər Tağızadə!
Sabir Rüstəmxanlı bir Türk kişisidir, Törə nədir bilir! Türk törəsində erkəklər savaşanda xanımların adını çəkməz, Hələ anlamadınmı mən həyat yoldaşımın ruhdaşıyam, bu yola bərabər çıxdıq! Türk qadınlarının düşmənin gözünü attığı oxlarla dağladığını bilməzmisən? Cahil! Ən azından Azərbaycan Türk Qadınları Dərnəyinin hər il may ayının 3-də təşkil etdiyi “Türklük Şöləni’dəndəmi bir şeylər öyrənmədin?
Bir də gizli qapılar arxasında deyirsənmiş ki, sənə dəstək verən Diaspora Komitəsinin sədri Nazim İbrahimovdur. Dəyirmi masanı da, o təşkil edib, DAK-ı parçalamağı da o tapşırıb. Başqa diaspor təşkilatlarının işi görünməsin, səni və Səftər Rəhimlini də ortaya atan odur, nələr nələr. Buna inanmadım, sənin növbəti təxribatın hesab etdim. Çünki,Nazim İbrahimov dövlət adamıdır və Azərbaycanın xaricdə erməni diasporu qarşısında güclü olmasını istər. Eyni zamanda Türkiyədə erməni diasporunun da güclü olduğunu bilir, hələ Avropanı, özəlliklə Fransanı demirəm, bizim güclü olmamız Azərbaycanın güclü olmasıdır. Diaspor Komitəsi də bunun üçün yaradılıb. Ölkə başçısı cənab İlham Əliyev də bunun üçün Diaspora Komitəsinə diqqət ayırır. Nazim İbrahimov bilmirmi ki, cənab prezident bunun səbəbini soruşar ki, diasporamızın paramparça edilməsinə niyə imkan yaratmısan? Əjdər Tağızadə bizə iftira atdın, indi də sıra Nazim İbrahimovamı gəldi? Ən azından ona hörmət edin, heç olmasa arada-bir sizi qəbul edib, cibinizə xərclik qoyur, nankorluk etməyin. O Diasporumuzun güclü olması üçün komitənin başına gətirilmiş adamdır, onun parçalanmasını istəmək erməniyə və Azərbaycanın düşmənlərinə xidmət etməkdir. Bir də günahı deyənlərin boynuna, yenə gizli qapılar arxasında Rusiya nümayəndələrinə deyirsənmiş ki, mənə on min manat pul verin, səsimi çıxartmayım və sakitcə DAK-dan uzaqlaşım. Verilməməsinin səbəbini də çox gözəl bilirdin. Çünki,heç kimin yanında etibarın qalmayıb. Sözün düzü, buna da inanmaq istəmədim. Çünki insanın bu qədər ləyaqətsiz olduğunu, mənliyini bu qədər alçaldacağını və milli davasını şəxsi mənfəətlərinə satacağına inanmaq istəmirəm.
Biz, Güneyli,Qüzeyli bütöv Azərbaycan və Türk Dünyası üçün mübarizəyə milli borc kimi baxırıq,qazanc mənbəyi kimi yox… Sonunda anlaya bildinmi, fərqimizi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı