15 Oktyabr 2024, Çərşənbə axşamı - 17:26

“Sabah”a Tənzilə Rüstəmxanlıdan sərt reaksiya

“Sabah” qəzetindəki yazıya Azərbaycandan sərt reaksiya

Xəbər verildiyi kimi, Türkiyənin “Sabah” qəzetində erməni diasporasına xidmət edən yazı yayımlanıb.

Müəllifi Burcu Çalık olan xəbərdə deyilir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni soyqırımının ildönümü ilə bağlı erməni əsilli vətəndaşlara başsağlığı verməsindən sonra Türkiyə dövləti ikinci “xoşməramlı” addımı atır. Belə ki, Türkiyədə şair Səyyad Nəvanın şeirlər toplusu çap ediləcək. Topluda isə onun müəllifi olduğu şeirlər, həmçinin guya “yazdığı” “Çırpınırdı Qara dəniz” də yer alacaq.
Məsələ ilə bağlı Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanılı İnterpress.az-a münasibət bildirib: “Bir həftədir “Sabah qəzeti “Çırpınırdı Qara dəniz”i erməni mahnısı kimi təqdim edib, ancaq Azərbaycanda heç kimin səsi çıxmadı, sanki belə də olmalıdır. Mətbuatımız da susdu buna. Erməni diasporası bu taktikadan çox istifadə edir. Bizdən reaksiya görməyəndə mahnını özününküləşdirir. “Sarı gəlin”dən sonra növbə “Çırpınırdı qara dəniz”ə çatıb. Mahnının sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyovundur, bunu bizdən çox elə türklər özləri bilir. Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalovun sayəsində axır ki, “Sabah” qəzetində təkzib yazısı gedib, ancaq bu yazıda müəllif və qəzet üzr istəməyib, sadəcə Həsən Zeynalovun fikirlərini verməklə kifayətlənib. Azərbaycanın müəllif hüquqlarını qoruyan qurum var, o qurum buna niyə səssiz qalır, anlamaq olmur. Onlar Xarici İşlər Nazirliyinə, Türkiyənin Azərbaycandakı səfirliyinə, Türkiyənin Xarici Işlər və Mədəniyyət nazirliklərinə bu məsələni bildirməlidirlər. “Sabah” qəzeti rəsmi üzr istəyib, təkzib yaymalıdır. Azərbaycan mətbuatı da tam səssizdir. Hansısa müğənni hansısa müğənniyə bir söz deyəndə, kimin maşınının rəngi nə rəngdədir kimi şeyləri tez manşetə verirlər, ancaq bu cür məsələlərə səssiz qalırlar. Elə ki, gördülər Ərdoğan ermənilərə başsağlığı verdi Türkiyədə erməni açılımı başladı. Dövlət Neft Şirkətinin şəriki olduğu “Star” qəzetində niyə bu haqda yazı verilmir? “Kanal 24” bizim neft şirkətinə bağlı qurumdur, bunlar buna niyə münasibət bildirmir? Bu məsələlərə səs-səda salmaq təkcə bizim boynumuza biçilməyib ki? Azərbaycanın qaymağını yeyirlər, belə məsələlərdə səssiz qalırlar. Mədəniyyət Nazirliyi hara baxır, Müəllif Hüquqları Agentliyi yaradılıb, bunlar hara baxır? Türkiyədə ciddi şəkildə Azərbaycan diasporası formalaşmalıdır. Biz indiyə qədər düşünürdük ki, Türkiyədə diaspora yaradılmasına ehtiyac yoxdur, qardaş dövlətik, ancaq görünən odur ki, Türkiyədə ciddi şəkildə diasporamız formalaşıb fəaliyyət göstərməlidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı