03 Dekabr 2024, Çərşənbə axşamı - 18:15

Oğuzlar konfransı ilə bağlı düşüncələrim…

Tənzilə Rüstəmxanlı Türkiyədə iştirak etdiyi simpoziumla bağlı təəssüratlarını yazdı.

Ankarada keçirilən “Beynəlxalq Türkiyyat Araşdırmaları Simpoziumu: Oğuzlar Hacettepe Üniversitesi” işə başladı.

Azərbaycan Türkiyə Evi (ATEV) başqanı olaraq dəvət edilmişdim. Mən “Azərbaycan və Türkiyə Aydınlarında Oğuzluq və Türklük duyğusu” mövzusunda çıxış etdim. Sabir bəy isə “Tarixdə Oğuzlar” haqqında nitq söylədi. Çox faydalı elmi araşdırmalar dinlədik.

Ankarada olduğumuz müddətdə MHP sədri hörmətli Devlet Bahçelini də ziyarət etdik. Biz bu qapını hər zaman öz evimiz kimi açmışıq. Çox səmimi bir görüş oldu. Devlet bəy Sabir bəylə söhbət etdikcə mən çox diqqətlə onları dinləyirdim. Mövzu yenə Türk Dünyası, Türkiyə və Azərbaycan idi. Devlet bəyin dərdi türk milləti və türklüyün paytaxtı olan Türkiyə idi.

Altaylardan,Yakutlardan üzü bəri Dünya Türklərinin taleyi ilə dərdlənmişdi. Türk Millətinin üzərində oynanan oyunların ağırlığı var idi çiyinlərində. Danışırdı, danışdıqca gözlərimdəki hüzn dərinləşirdi. Dərinləşən bu hüzndə parçalanmış Türk Millətinin taleyindən duyduğu rahatsızlıq vardı. Türkiyənin üzərində oynanan daxili və xarici oyunların fərqində və qayğısında. Türk düşmənlərinə qarşı mübarizə əzmi güclü idi.

Devlet bəy danışdıqca mən düşünürdüm: Allahım, nə yaxşı ki,Türkiyənin siyasi həyatında müdrik və namuslu, dürüst söz sahibi olan bir siyasətçi var. Bu dövlət kimi adam Türkiyədə var olduqca Türk düşmənlərinin oyunları suya düşür. Bu adam var olduqca Türkiyədə türk milləti və dövləti güvəndə olur.

Türkiyənin siyasi durumunu o qədər aydın izah edir ki, suala belə ehtiyac qalmır. Türklük sevdasından vaz keçməmiş, dürüstlüyü ilə nümunə olacaq, sözünün sahibi müdrik bir siyasətçidir.

Siyasət kirli olmur, siyasəti kirlədən siyasətçilər olur. Türkiyənin təmiz və dürüst rəmzi isimlərindən biridir Devlet Bahçeli. Böyük dərdlərimizdən danışa-danışa bizi də unutmur, gördüyümüz işləri təqdir edir, sevgisini, sayğısını göstərirdi.
Böyük olmaq belə olur!

Bizim sayğımız və dualarımızdasın, Devlet Bahçeli.
Türk milləti çətin bir dönəmdən keçir. Türk milləti və Vətəninin var olması üçün etdiyiniz bu mücadilədə Allahın əmanətində olasınız.

Tanrı türkə yar olsun, Türkiyəmiz var olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı