15 Dekabr 2018, Şənbə - 08:03

Məsum gözəl Könül Sultan artıq aramızda yoxdur…-Tənzilə Rüstəmxanlı

10978524_1546575068957651_6544995170264825466_n

 

Sən hər zaman belə səssiz və sakindin. Əlimdə böyüdün,uşaqlığın gözlərimin önündədir.

Atamın, anamın sonbeşik qızı. Aramızda sənə “qızım” deyəcək qədər yaş fərqimiz vardı…
Səndən başqa ailəmizdə daha beş bacı qardaşım vardı, amma nədənsə səni hər zaman onlardan çox sevdim və sənə bir başqa bağlıydım…
Gözlərində o qədər məsum bir ifadə var idi ki, o baxışlar hər zaman içimizi titrədirdi.
Evimiz qonaqlı-qaralı olardı… Atamız çox qonaqsevərdi. Gürcüstandan xalası uşaqları gələndə, sənin şeir söyləməni istəyərdi, sən də utanıb qaçardın və ya yatağın altında, ya da qapının arxasında gizlənərdin… Atam sənə “mənim gözünün sürməsi özündən qızım” deyərdi… Gözlərin çox gözəl, təmiz və məsumdu, mənalıydı…
İllər keçdikcə biz böyüdük və ata yurdumuzu bir-bir tərk etmeye başladıq, evlənən evləndi, oxuyan oxumaq üçün getdi… Sən böyüyüb orta məktəbi qurtardığın zaman mən artıq iş-güc adamı olmuşdum və Bakıda yaşıyırdım. Bir gün evimizi aradım, telefonun dəstəyini sən qaldırdın, keyfini soruşduqda, “məndə oxumaq istəyirəm, adam olmaq istəyirəm, sənin yanında olmaq istəyirəm” dedin… Səsin içimi titrətdi və bir gün sonra artıq mənim yanımdaydın. Gəliş o gəliş və biz bir daha ayrılmadıq, o məlum qəzaya qədər…
Sən oxudun Adam oldun, həm də Adam kimi Adam oldun… Sevdin, evlendin, mən səni öz əlimlə telli-duvaqlı gəlin etmişdim… Sənin elə bir gözəl toyun oldu ki, səsi hələ dağlardan getməyib. Taleye bax ki, biz səninlə qayınxatını olmuşduq. Səni qayınatamız Xudu əmi hər kəsdən çox sevmişdi… Atamız Yolçu kişi dünyasını dəyişəndə bir tək sənin əlini əlimə verərək “Onun əlini buraxma” demişdi. Mən sənin əlini heç buraxmadım Könülüm…
Sənin övladlarını öz övladlarımdan heç ayırmadım, Könülüm… Hara getsəm, dönüşdə yanına hədiyyəsiz dönmədiyim insandın… Bilmirəm nədəndi, ancaq üzü güləndə güldüyüm, kədərləndiyində özündən çox üzüldüyüm insandı Könülüm…
Bəzən mən sənə hirslənərdim, Sən də məndən küsərdin, sonra da gizli-gizli iş telefonuma zəng edib səsimi duymaq istəyərdin, mən “alo” deyərdim, sən susardın, mən də nəfəsindən bilərdim sən olduğunu,təkrar təkrar kimsiniz deyərdim və biz səninlə beləcə həsrətimizə son qoyardıq. Sənsiz çox darıxırdım, fürsət tapan kimi işdən nahara sizə gələrdim. Çox sevinər və o nahar yeməyi bambaşqa olurdu… Səndən qohum-qardaşda nələr olduğunu öyrənər, kimin nə problem olduğundan xəbər tutardım. Çünki sən hamıya “ o iş adamıdır, yormayın” deyib, hamı ilə özün danışar, hamının dərdini sən dinlərdin və mənə vacib olanı çatdırırdın.
Sən məndən daha yaxşı gəlin oldun… Sən məndən daha yaxşı bacı oldun… Sən məndən daha yaxşı övlad oldun, ey atamın gözləri və ruhu gözəl qızı…. Dik duruşlu, iffətli, abırlı, qürurlu, şərəfli, əsalətli, namuslu, həyalı Gəlin! Əsalət və Əxlaq qanla gəlir… Sən çox gözəl bir nəslin qızısan, mayan təmizdir və damarlarında çox Şərəfli bir Ananın və Atanın qanını daşıyırsan… Qanı təmiz gözəl qız, ondandır ki, anamız kimi çox gözəl bir ana oldun… Oğlu Tengize,qızı Dənizə sevdalı gəlin, ay gəlin…. Gəlin getdiyi yerdə gəlinlərin gözü olan Gəlin… İnsan kimi insanlığa örnək olan Könül…
Bəzən Allahım şeytanın çox olduğu yerə, Sənin simanda mələklər göndərər. Sən yer üzünə göndərilən, olduğun hər yerdə insanlara örnək olan gözəllik mələyi idin, Könülüm… Evini namusunla alınmaz qalaya çevirmişdin, bəzən səni üzənlərə belə o gözəl gözlərinlə gülümsəyərək baxardın, səbrlə Adam olmağın nə olduğunu öyrədərdin…. Sən çox şeylər öyrətdin ailənə gözəl Gəlin… Ana kimi Sənin İki böyük Şah əsərin var: Tengiz və Dəniz.
Elə sənin ruhunu hər kəsdən daha yaxsı duyan Aydanım belə sənin əsərindi. Biz Millət və Vətən deyərək özümüzü yollara vuranda Cəmilimin anası olan anamın gözəl qızı.
Bilmirəm ki, səni necə anladım… Sən nə etdiyinin fərqində belə deyilsen… Sən çox mərhəmətli bir qızdın Könülüm… Bu qədər zalımlığı və qəddarlığı nə zaman öyrəndin? Arxanda nə qədər yaşlı göz buraxdığını bilirsənmi? Bəs sən Tengiz və Dənizə aşiq idin? Bizi bir kənara qoy, onlara necə qıydın, onları niyə boynubükük və gözləri yaşlı qoydun? Mən sənin əlini heç buraxmadım,sən niyə məni buraxdın,mən sənə nə etmişdim? Səni çox sevən bir ürəyim var, onu belə istəsən sevə-sevə verərdim… Bilirəm, ətrafın səni haqq etmədi.. Sən insanların nifrət ettiyi “ölüm”ü belə gözəlləşdirmək üçün seçdin… Allahımın səni çox sevdiyini bilirəm. Məkanın cənnət olacaq, gözəl Gəlin…
Mənim üzülməyimi heç istəməzdin, heç vaxt da məni üzmədin, o məlum qəzaya qədər…
Sən sevdiklərini qorumaq üçün fədakarlıq edən bir insandın… Bəlkə yenə də sevdiklərini qorumaq üçün getdin… Həm də bu dünyada çox sevdiyin həyat yoldaşın Şahbazın qollarının arasında… Ey yolunda yol olduğun ata əvəzi qaynın Sabir Rüstəmxanlının sevgili gəlni, onu hər kəsdən daha çok üzdün…
Səndən sonra əlimiz qoynumuzda, gözümüzdə yaş, dilimizdə sən varsan… Acımız çox böyükdür. Bu dünyadan Sənin simanda bir SAFLIQ getdi.
Gülüşünlə və üzünün nuruyla ətrafına təmizlik saçırdın…
Sənə “bu gün yoxsan” deməyə dilim də qəlbim də üsyan edir… Çünki ürəyimizin ən isti yerindəsən… Tengizimin,Dənizimin,Cəmilimin, Aydanımın gözlərindədir gözlərinin gözəlliyi, baxışlarının saflığı… Mən onlardan təsəlli tapacam, qəlbim qan ağlasa da…
Üsyan etmədim,etmirəm, Allahım səni yanına aldı deyirəm, Onun sevgili qulu olduğun üçün… Anana, Atana ve cavan qardaşın Xanlara qovuşdun… Mən səni o qəzadan qoruya bilmədim, onlar səni qorusun…
Hamımızın balaca bacısı, bizi orada qarşılamaq üçün getdin. Anan yerine qoyduğun Nazilə bacının ürəyi yanğın yerinə döndü. Ağılar dilində gül açdı, Könül oyansın deyə… Şahbazın gözü yol çəkir, səni apardığı yollardan sağ-salamat dönəsən deyə. “Kaş aparmasaydım” deyir,bilirem, hələ çox “kaş” deyəcək. O qədər çox “kaş”lar var ki…
Yatdığın torpağı öpərək, “görüşəcəyik” deyirem, Sultan Könülüm…

Qeyd: Acımızı paylaşan, dərdimizə ortaq, bu ağrılı günümüzdə bizi yalnız buraxmayan bütün dostlarımıza təşəkkürümü bildirirəm.

10991332_1546575375624287_5345225407195409565_n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı