15 Oktyabr 2024, Çərşənbə axşamı - 15:49

İlham Əliyev və Mehriban Əliyevaya MİNNƏTDARLIQ: “Sizin uğurlu fəaliyyətiniz nəticəsində…” – Tənzilə Rüstəmxanlı

Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür məktubu yazıb.

İnterpress.az xəbər verir ki, Tənzilə Rüstəmxanlı dövlət başçısına və Birinci vitse-prezidentə yazdığı məktublarda indiki həssas dönəmdə əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin təşkili istiqamətində atılan addımların böyük rəğbətlə qarşılandığını qeyd edib.

ATQB ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasını prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin nəticəsi kimi qiymətləndirib:

“Bu sahədə aparılan islahatlar Azərbaycan xalqı tərəfindən də yüksək qiymətləndirilir. Xüsusilə, bütün dünyanın qlobal bəla ilə üz-üzə qaldığı bir dönəmdə verdiyiniz hər bir qərarla Azərbaycanın vətəndaşına sahib çıxan sosial dövlət olduğunu dünyaya çatdıran Prezident olaraq, bu sınaqdan da uğurla çıxacağınıza və xalqımızı Koronavirus bəlasından ən az itki ilə xilas edəcəyinizə inamımız tamdır.

Tərəfinizdən atılan addımlar, bütün fövqəladə hallarda ölkə vətəndaşlarının yanında olmağınız böyük rəğbətlə qarşılanır. Sosial problemlər həll olunduqca, rifah halı yüksəldikcə, insan amili öndə saxlanıldıqca vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə töhfəsini vermək üçün məsuliyyət hissini daha da artırır.

Bu güvənc, inam öz növbəsində dövlətlə vətəndaş arasında birlik, sarsılmaz bağlılıq yaradır. Bu bağı-körpünü yaradan Sizsiniz və buna görə, vətəndaş cəmiyyəti olaraq, Sizə nə qədər təşəkkür etsək, azdır. Uca Yaradandan daim yar və yardımçınız olmasını diləyirəm”.

Tənzilə Rüstəmxanlının Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktubda da səmimi fikirlər yer alıb və göstərilən uğurlu fəaliyyətə görə minnətdarlıq ifadə olunub:

“Çox sevindiricidir ki, Azərbaycan Prezidentinin ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması yönündə siyasətini idarə edərkən, ən yaxınında Siz varsınız və bu gün ölkədə baş verən İslahat dalğası Sizin birgə yürütdüyünüz siyasətin nəticəsidir.

Xüsusilə, bütün dünyanın qlobal bəla ilə üz-üzə qaldığı bir dönəmdə xalqımıza etdiyiniz müraciətdə ən kiçik detalları belə unutmadan, xalqın mental dəyərlərinə dayanaraq, qələmə aldığınız o sözlər Sizə xalqın qəlbində daha bir abidə ucaltmışdır. Tərəfinizdən atılan addımlar, bütün fövqəladə hallarda Prezidentimizlə çiyin-çiyinə, ölkə vətəndaşlarının yanında olmağınız böyük rəğbətlə qarşılanır.

Bu uzun və çətin yolda sizə uğurlar arzulayıram, Allah yardımçınız olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı