28 Mart 2024, Cümə axşamı - 12:48

Qızı Sabir Rüstəmxanlıya sürpriz etdi

“Türk dünyasının təbliğində ədəbiyyatın rolu” layihəsi çərçivəsində Sabir Rüstəmxanlının ad günü ərəfəsində onun yaradıcılığı müzakirə olunub. 

Tədbirdə ilk olaraq söz bu layihənin müəllifi, Sabir Rüstəmxanlının qızı Aydana verilib. Atasını təbrik edən Aydan Rüstəmxanlı şairi ad günü münasibətilə təbrik edib:

“Sabir bəyin ad günü, əslində, sabahdır. Amma o sabah səfərdə olduğu üçün bu gün qeyd edirik ad gününü. Bu gün həm də Atatürkün ad günüdür, həm də gənclər günü kimi qeyd edilir. Deməli, atamın ruhu gəncdir. Mən Sabir Rüstəmxanlı haqqında iki tərəfdən danışa bilərəm. Həm atam, valideynim kimi, həm də xalq şairi, millət vəkili kimi. Atamla fəxr edirəm. Çox xoşbəxtəm ki, belə atam var. Millət vəkili, xalq şairi kimi isə etdikləri göz qabağındadır. Xalq onu, yazdıqlarını sevir. Bir daha atamı təbrik edirəm. Sağ ol ki, varsan ata”.

Daha sonra isə Aydan Rüstəmxanlı atasının sözlərinə yazılmış mahnıları toplanmış diski təqdim edib. Diskdə Aydan atasının “Ana” şeirini səsləndirib. Sonra çıxış edən tanınmış ziyalı Sona Vəliyeva şair haqqında xatirələrini bölüşüb. “Kaş həmişə sözün işığına yığılaq, bəhrələnək. Azərbaycançılıq işi ilə bağlı elmi iş yazanda çağdaş ədəbiyyatımızı oxuyurdum, problemləri ilə tanış olurdum. O vaxt 4 şairin həyatı və yaradıcılığı məni cəlb edirdi. Məmməd Araz, Xəlil Rza Ulutürk ,Sabir Rüstəmxalı və Bəxtiyar Vahabzadə. Bu şairlərin hamısının həyatında sərhəd nisgili, Araz, yurd həsrəti var. Sabir Rüstəmxanlının ruhu o yaşadığı ərazidən bəhrələnib. Yurd həsrəti həmişə yazılarında qabardılıb.Bunlar onun tale yazısıdır. Onun ruhu həmişə türkçülüklə bağlı olub. Sabir bəy hələ sovet dönəmində “Şəhər sovetinə məktub” və “Sağ ol ana dilim” kimi şeirləri oxuyardı. SSRİ zamanında da belə cəsarətli idi. Hər könüldə ev tikmək, sevilmək hər şairə müəssər olmur. Həm də Sabir bəy fəxr edə bilər ki, belə övladları var. Aydan bu layihəni etməklə atasının yaradıcılığına nə qədər önəm verdiyini göstərdi. “.

Sabir bəyi yaşayan əfsanə adlandıran Türk Dünyasının məşhur sənətçisi Əhməd Şəfəq ondan ruh aldıqlarından danışıb. ” Mən Sabir bəyi 14-15 yaşında tanımışam. Düzdür, örnək götürdüyümüz şairlər, ziyalılarımız vardı. Amma bizə onda başqa bir türk dövlətindən səs gəldi “Sağ ol, ana dilim”.Bu, çox önəmli idi. Sabir bəy deyirdi ki, harada türk dilində danışırlarsa, ora mənim vətənimdir. Sabir bəyin əsərləri bizə yol göstərdi. Mübarizə yolumuza işıq saçdı. Sabir bəy Bütövlüyün təcəssümüdür.

Cahandar Bayoğlu isə Sabir bəyi Türk Dünyasının ən öndə gedən ziyalılarından biri kimi xarakterizə edib: “Sabir bəy o aydınlardandır ki, həm millətimizin dərdini deyib, əlacını göstərib, həm də onu müalicə edib. Mən Sabir bəylə yol yoldaşı olmuşam. Türk Dünyasını gəzərkəın onun nə hisslər keçirdiyinin şahidi olmuşam”.

Şairin həyat yoldaşı, türk dünyasının mənəvi anası Tənzilə Rüstəmxanlıya da söz verilib: “Övladlar o vaxt dəyərli olur ki, valideynləri onlara baxanda utanmır. Mən Aydana təşəkkür edirəm. Bİlirəm ki, o bizi utandırmayacaq heç vaxt. Sabir bəyin qızı təkcə atasına deyil, bütün türk dünyasının ziyalılarına həsr edəcək bu layihəni. Mən Aydana dəstək olan bütün insalara təşəkkür edirəm. Xüsusilə, Sona Vəliyeva və Əhməd Şəfəqə”.

Sonda iştirakçılara təşəkkür edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qızı Aydanın təşkil etdiyi bu tədbirin onu kövrəltdiyini deyib: “Mənim bu işlərdən xəbərim yox idi. Hətta içəri girənə kimi mənə demədi. Təşəkkür edirəm. Gənclərin çıxışı məni fərəhləndirdi. Aydanın özünə çox sağ ol deyirəm. Mən meydan hərəkatında milyonlarla insanın qarşısında çıxış etmişəm. 20 Yanvarda üstümüzə ordu gəlib, amma təşviş keçirməmişəm”.

Daha sonra incəsənət xadimlərinin ifasında Sabir Rüstəmxanlının şerləri və mahnıları səsləndirilib.

İnterpress.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı